Rusiya Olimpiya Komitəsinin təşkilatçılığı və “İdman dövləti” qeyri-kommersiya təşkilatının dəstəyi ilə 31 may - 2 iyun tarixlərində Moskvada 13-cü Qış idman növləri, turizm və aktiv istirahət üzrə Beynəlxalq konqres keçirilib.
Tədbirin keçirilməsində məqsəd qış idman növləri, turizm və aktiv istirahətin dinamik inkişaf istiqamətləri barədə müzakirələr, qarşılıqlı təcrübə və fikir mübadiləsi aparmaq, qarşıya qoyulan hədəflərə çatmaqda sistemli yanaşmanı təmin etməkdir.
Tədbirə Rusiyanın federal və regional hakimiyyət orqanları, ictimai təşkilatların rəhbərləri, Rusiya və xarici ölkələrin turizm sektorunun 300-dən çox nümayəndəsi qatılıb. Tədbirdə Azərbaycandan Şahdağ Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov iştirak edib.
Rüstəm Nəcəfov Rusiyanın “Ski İndustry” jurnalına müsahibə verib. Müsahibədə Şahdağ Turizm Mərkəzinin infrastrukturu, təklif etdiyi xidmətləri və gələcək planları haqqında ətraflı söz açılıb. Jurnalda Şahdağın təkcə yerli turistlər tərəfindən deyil, dünyanın müxtəlif ölkələrindən gələn turistlər tərəfindən sevildiyini əks etdirən statistik rəqəmlər də yer alıb.
Tədbirin sonunda Rusiyada qış idman növlərinin təşviqini genişləndirmək və gücləndirmək məqsədilə “İdman sənayesinin lideri” adlı mükafatlandırma mərasimi keçirilib.