Şirkət işğal olunmuş ərazilərdə mehmanxana sifarişləri həyata keçirir
Beynəlxalq səyahət və hotel bronlaşdırma xidməti olan Booking.com şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi rəsmi Bakının etirazını doğurub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Booking.com şirkətinin bu addımı beynəlxalq hüququn norma və prinsiplərinə, Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının Nizamnaməsinə və müvafiq qərarlarına, Turizmə dair Qlobal Etik Məcəlləyə köklü şəkildə ziddir (APA).
XİN rəsmisi diqqətə çatdırıb ki, Dünya Turizm Təşkilatının İcraiyyə Şurası 2015-ci ilin mayında Xorvatiyada keçirilmiş 100-cü sessiyasında Azərbaycanın təklifi əsasında Turizmin Etik Qaydaları üzrə Dünya Komitəsinin “Münaqişə zonalarının turizm məntəqəsi kimi təşviqinin və turizmin qeyri-qanuni məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı tövsiyələrini nəzərdən keçirib. Həmin tövsiyələr əsasında hökumətləri, turizm sektorunda olan dövlət və özəl müəssisələri bütün hallarda, o cümlədən hərbi münaqişələr zamanı Turizmə dair Qlobal Etik Məcəllə, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutmağa çağıran qərar qəbul edilmişdi.
Booking.com şirkətinin bu kimi fəaliyyəti korporativ biznes etikasına zidd olaraq, şirkətin öz nüfuzuna mənfi təsir göstərən amildir. Bununla bərabər, Azərbaycanın işğal olunmuş əraziləri qanuni beynəlxalq pulköçürmə əməliyyatları üçün qapalı olduğu halda, booking.com üzərindən onlayn ödənişlər edilərək işğal olunmuş ərazilərdə mehmanxana sifarişi və bundan qazanc əldə edilməsi qanunsuz beynəlxalq ödəmə əməliyyatları və çirkli pulların yuyulması kontekstində də nəzərdən keçirilməlidir.
Hikmət Hacıyev qeyd edib ki, XİN Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqələndirilmiş şəkildə məsələ ilə əlaqədar Booking.com şirkətinə Azərbaycanın narazılığının bir daha çatdırılması və bu kimi qanunsuz fəaliyyətin qarşısının alınması üçün şirkətin mənzil-qərargahının (Amsterdam) yerləşdiyi Hollandiyadakı səfirliyimizə müvafiq təlimat verilib.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev bildirir ki, Booking.com-a bununla bağlı kəskin etiraz olunmalıdır: “Bu cür hallar bəzən məlumatsızlıqdan, bəzən isə erməni havadarlarının fəaliyyətinə dəstək məqsədilə baş verir. Booking.com Hollandiyada qeydiyyatdan keçmiş şirkətdir. Vergidən yayındığı üçün bir sıra ölkələrdə, o cümlədən Türkiyədə şirkətin fəaliyyəti qadağan olunub. Bu şirkət turizm şirkətlərinin fəaliyyətinə ciddi maneələr yaradır. Bildiyiniz kimi, şirkət real olmayan aşağı qiymətlər təklif edir. Halbuki turizm şirkətləri bu yerləri hotellərdən yuxarı qiymətə alırlar. O ki qaldı, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən hotellərlə əməkdaşlığa, dövlətimiz buna ciddi reaksiya verməlidir. İnanıram ki, bu məsələ yaxın vaxtlarda öz həllini tapacaq. Booking.com səhvini düzəltməlidir”.
Assosiasiya rəhbəri əlavə edib ki, Booking.com servisinin Azərbaycanda nümayəndəliyi yoxdur: “Problem də elə bundadır. Şirkət Azərbaycandan pul qazanır, lakin vergi ödəmir”.
F.Hüseynov