Mədəniyyət və Turizm Nazirliyi Ermənistan mətbuatında “Artsax” turizm təşkilatının Dünya Turizm Təşkilatının Yardımçı orqanına namizədliyi ilə bağlı yer alan məlumatlara münasibət bildirib.
Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə mətbuata açıqlamasında deyib ki, Ermənistan dövləti ölkəmizə qarşı öz işğalçılıq fəaliyyətini bütün sahələrdə davam etdirir və bu məsələ həmin siyasətin tərkib hissəsidir. Bu məsələ 2016-cı ilin noyabr ayında Misirin Luksor şəhərində keçirilmiş Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 104-cü sessiyasından başlayaraq 2017-ci ilin 10-12 may tarixində Madriddə keçirilmiş 105-ci sessiyayadək davam edib. Bu barədə məlumat əldə edilən kimi Dünya Turizm Təşkilatının rəhbərliyinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev adından etiraz məktubu göndərilib. Həmin məktubla Ermənistan tərəfindən təqdim edilmiş saxta qurum haqqında bütün məlumatlar təhlil olunaraq işğalçı ölkənin Dünya Turizm Təşkilatına müraciət formasının bütün sualları üzrə yalan məlumatlar təqdim etdiyi də diqqətə çatdırılıb: “Tələb olundu ki, Ermənistanın bu müraciəti geri qaytarılsın. DTT-nin Yardımçı orqana üzv olmaq üçün turizm və ona oxşar istənilən fəaliyyətlə məşğul olan şirkət, qeyri-hökumət təşkilatı, ictimai təşkilat öz namizədliyini təqdim edə bilər, ancaq bunun üçün onlar qeydiyyatda olduqları ölkənin səlahiyyətli dövlət qurumundan rəsmi dəstək məktubu almalıdırlar. Ermənistan tərəfi məlumat təqdim edib ki, guya bu saxta təşkilat Ermənistanda qeydiyyatdadır və bu ölkənin ərazisində turizmin təbliği ilə məşğuldur”.
V.Eyvazzadə bildirib ki, təşkilat haqqında araşdırılma aparılıb və onun işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətlə məşğul olduğu müəyyən edilib: “Hər birimiz çox yaxşı başa düşürük ki, Ermənistan hər vasitə ilə əzəli torpağımız olan Qarabağın adını beynəlxalq leksikonda dəyişdirməyə cəhd edir”. Şöbə müdiri qeyd edib ki, Madriddə 10-12 may tarixində Azərbaycanın sədrliyi ilə keçirilmiş İcraiyyə Şurasının 105-ci sessiyası çərçivəsində məsələyə Yardımçı orqanın müvafiq komitə toplantısında yenidən baxıldı və Azərbaycanın təqdim etdiyi məlumatlar təsdiqini tapdığı üçün bununla bağlı müvafiq hesabat Şuranın iclasına təqdim edilərək təsdiq edildi. Həmin hesabatda Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasını təsdiqləyən BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul etdiyi 60/285 və 62/243 saylı qətnamələrinə, İcraiyyə Şurasının toplantısında ölkəmizin təşəbbüsü ilə qəbul edilmiş “münaqişə zonalarının turizm məqsədilə qanunsuz təbliğinin qarşısının alınması” ilə bağlı qərara istinad olunaraq saxta “Artsax” turizmin inkişafı təşkilatı”nın yardımçı orqana üzvlüyünə qəbul edilməməsi qeyd edildi”.
Ermənistan tərəfi sənəddə təşkilatın saxta olmasının, həmçinin Azərbaycan torpaqlarının işğal olunmasını bir daha sübuta yetirən məlumatların əks olunduğunu görərək bu təşkilatın namizədliyini geri götürüb və hesabatda bu barədə hər hansı məlumatın əks olunmamasını xahiş edib. Lakin iclasa sədrlik edən nazir Əbülfəs Qarayev Ermənistan nümayəndəsinə bildirib ki, belə bir addım yolverilməzdir və bu günə kimi bu məsələ ilə bağlı proses necə gedibsə, bu, sənəddə əksini tapmalıdır və hətta Ermənistan tərəfinin namizədliyi geri götürməsinin də ayrıca izahatı verilməlidir. Nəticədə Ermənistanın təklifini heç bir Şura üzvü dəstəkləməyib və sözügedən hesabat ölkəmizin maraq və mənafeyinə uyğun şəkildə qərarla təsdiqlənib.