İyunun 12-də Azərbaycan Respublikası Turizm Şurasının növbəti iclası keçirildi. Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi.
Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırdı, ötən illər ərzində turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən danışdı. Prezident İlham Əliyevin 27 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qurum qarşında qoyulan məsələlərdən söz açan nazir bildirdi ki, Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda bu sahədə mövcud vəziyyətin təhlil edilməsi, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir: “Şuranın ötən bir neçə aydakı fəaliyyətinin ilkin nəticələrini artıq görürük. Məlum olduğu kimi, aprelin 10-dan mayın 10-dək ölkəmizdə ilk dəfə Ticarət festivalı - “Baku Shopping Festival” keçirildi. Festival öz uğurları ilə yadda qaldı. Artıq ikinci festivalın keçirilməsi istiqamətində hazırlıqlar gedir. Həmçinin qısa zamanda yaradılmasına baxmayaraq Milli Turizm Təbliğat Bürosunun da fəaliyyəti uğurla davam edir. Ötən müddət ərzində Büro tərəfindən turizmin təbliği istiqamətində mühüm layihələrə imza atılıb. Novruz bayramı günlərində Bakıda paytaxt sakinləri və qonaqlar üçün silsilə tədbirlər həyata keçirilib. IV İslam Həmrəyliyi Oyunları günlərində isə bir sıra ölkələrin mədəniyyət günləri təşkil olunub”.
Əbülfəs Qarayev qeyd etdi ki, bir neçə gün öncə Bakı şəhərində fəaliyyət göstərən gəlmə turizm sahəsində ixtisaslaşmış yerli və xarici turoperator və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşü keçirildi. Görüşdə səmərəli müzakirələr aparıldı, yeni turist marşrutlarının formalaşdırılması, ölkənin təbliği və turist məmnunluğunun artırılması ilə bağlı əməkdaşlıq imkanları nəzərdən keçirildi: “Bu istiqamətdə tədbirlər daha da gücləndiriləcək. Biz ölkəmizə gələn xarici turistlərin sayının artırılması, onlara göstərilən xidmətlərlə yanaşı, yerli vətəndaşların da ölkə daxilində mənalı istirahətinin təşkili üçün addımlar atmalıyıq. Buna görə də Milli Turizm Təbliğat Bürosuna ölkə daxilində fəaliyyət göstərən turizm şirkətlərinin təklif etdiyi proqramları cəmləşdirərək saytlar vasitəsilə təbliğ olunması və yerli vətəndaşların istirahəti üçün xüsusi proqramların hazırlanması tapşırıldı”.
Nazir onu da vurğuladı ki, Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Əgər ötən ilin ilk 5 ayı ərzində ölkəmizə 768 min turist gəlmişdisə, bu il müvafiq dövründə 956 min turist gəlib. Bu da 188 min və ya 24,5 faiz artım deməkdir. Əgər 2016-cı ilin ilk üç ayında xarici turistlər Azərbaycanda banklar vasitəsi ilə 40 milyon 629 min manat ödəmələr etmişdilərsə, bu ilin eyni dövründə bu məbləğ 91 milyon 134 min manat olub.
İclasda daha sonra yay turizm mövsümünün açılışı və “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın icrası, ilk Şopinq festivalının yekunlarına dair hesabat, növbəti festivalın təşkili, Turizm reyestri və informasiya saytının ilkin variantının təqdimatı və digər məsələlər müzakirə olundu.
Şura üzvlərinin turizmin inkişaf etdirilməsində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, nəzərdə tutulmuş layihələr barədə fikirləri səsləndi. Daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, ölkənin turizm potensialından səmərəli istifadə imkanlarının yaradılması məqsədilə turistlərin məhdudiyyətli ərazilərə gediş-gəlişinin sadələşdirilməsi, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi, habelə elmi tədqiqat işlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı.
Fariz Hüseynov