“Mən təsvir edəcəyimi, nə çəkəcəyimi öncədən planlamıram. İşə başlayıram və onun necə bitəcəyini bilmirəm”
   
   Xatirə Həsənzadə musiqişünas və rəssamdır. Onun istedadına bu ilin yazında Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda keçirilən sərgisində bir daha əmin oldum. Həmin sərgidə rəssam qrafikanın gerçəkçi hüdudlarını aşmaqla tamaşaçıları özünün fikir dünyasına çəkirdi. O, təsvir etdiyi predmeti sona kimi incələyir, bunun üçün istifadə etdiyi naxışları da bir-birindən fərqləndirir. Mənə elə gəlir ki, onun əsərləri daha çox musiqiyə bənzəyir. Xatirə xanım sanki hər bir rəsmində bir nəğmə yaradır. 
   O, 1959-cu ildə Xalq şairi Nəriman Həsənzadənin ailəsində dünyaya gəlib. Bülbül adına Orta ixtisas musiqi məktəbində təhsil alıb. 1978-1982-ci illərdə indiki Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsində oxuyub. 1983-cü ildən həmin ali təhsil ocağında pedaqoji fəaliyyətlə məşğuldur. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. 
   Deyir ki, rəssamlığa başlaması sanki birdən-birə oldu: “1992-ci ildən əsaslı şəkildə rəssamlıqla məşğulam. Hər gün mən yeni ideyalar tapırdım. Onlar beynimə təsvir kimi yox, hekayə kimi gəlirdi. Məsələn, Qız qalasının, Misir piramidalarının sirri nədədir? Bu mövzuları əsərlərimdə açmaq istəyirdim. Məni düşündürən suallara öz cavabım olmalıydı. O çağadək hamı kimi çəkirdim. Yaradıcı adam yaşadığı hadisələri hökmən əsərlərində çatdırır, göstərir. Bir əsərdə işlədiyim naxışı başqa əsərdə işləmirəm. Hər birində yeni naxışlar olmalıdır. Mən adətən az işləyir, ildə bir-iki əsər çəkirəm. Müəllimə, qadın kimi qayğılarımı nəzərə alsaq, bunun normal olduğu görünər. Mən də yaradıcılığımla dünyadakı pisliklərlə döyüşürəm, dünyadakı harmoniyanı göstərməyə çalışıram. Hər bir əsər yaşantıdan yaranır: insanlardan aldığını özlərinə qaytarırsan”. 
   Xatirə xanım hesab edir ki, onun əsərlərindəki incə, mikro təsvirlər təsadüfi deyil: “Ana babam radio ustası idi. Hər dəfə dərsdən gələndə ona baş çəkirdim. Onda köhnə televizor lampaları, mikrosxemlər vardı, onları çox sevirdim. Görünür, bu maraq sonradan yaradıcılığıma təsir göstərib. Canlı aləm də mənim üçün maraqlıdır. Ona görə bioloqlar da işlərimə maraqla yanaşırlar. Yaradıcılığa ilk başlayanda adam başqalarının məsləhətinə gərək duyur. Elə bil onların sözlərindən bir ümid, təskinlik tapırsan”. 
   O inanır ki, istənilən rəsm əsərində enerji var. Deyir ki, çəkib sonradan bəyənmədiyi əsərlərini məhv etdiyi vaxtlar da olub. Bunun da səbəbi odur ki, rəssam neqativ enerji ilə tamaşaçıları yükləmək istəmir: “Sərgilərdə çox zaman rəssamlar insana neqativ enerji verən işlər asırlar. Bu da tamaşaçıya pis təsir edir. Bir dəfə Rusiyadan ekstrasens gəlmişdi. Əsərlərimi ona göstərdim. Dedi ki, siz hər şeyi xırdalığına kimi çəkirsiniz, ona görə əsərlərinizlə kimisə müalicə də edə bilərsiniz. Bunun üçün həmin adamın dalğasına girmək gərəkdir”.
   Rəssamın əsərlərinə qoyduğu adlar şərtidir. Ona görə ilk sərgisində əsərlərinə ad qoymayıb. Çünki bunlar elə əsərlərdir ki, hər kəsin öz yozumu olur, konkret ad qoymaq çətinləşir. Onun ilk sərgisində qəribə hadisə də baş verib, rəssamın bir əsərini oğurlayıblar. 
   Xatirə xanımın rəngli qrafik əsərləri də var, ancaq o, daha çox ağ-qara çəkməyi xoşlayır. Gələcəkdə ideyalarını kətan üzərində yağlı boya ilə işləmək istəyir. 
   Bəs o öz əsərlərini hansı üsluba aid edir? Rəssam deyir: “Doğrusu, bilmirəm, ancaq bu, ənənəvi qrafika deyil. Bir dəfə mərhum Xalq rəssamı Rasim Babayevə dedim ki, adamlar məndən üslubumun adını soruşurlar. Bildirdi ki, ad önəmli deyil, sənin öz üslubun var. Mən təsvir edəcəyimi, nə çəkəcəyimi öncədən planlamıram. İşə başlayıram və onun necə bitəcəyini bilmirəm”. 
   Xatirə xanım deyir ki, böyük rəssam olmaq olar, ancaq özünəməxsus rəssam olmaq çətindir: “Bəzən müəllimlər tələbələrini özləri olmağa qoymurlar, onun kimi olmağı tələb edirlər. Mən həmişə özüm olmaq istəmişəm. İlk vaxtlar məni rəssam kimi qəbul etmirdilər, yaradıcılığıma adi həvəs kimi baxırdılar, ona görə həmişə özümü təsdiq etmək üçün çalışmışam”. 
   Rəssam bildirir ki, heç vaxt sənətdə atamın adı arxasında gizlənməmişəm: “Həmişə sərglərimlə atamı sevindirməyi düşünmüşəm. Ona hər dəfə sevinc bəxş etmək, uğurlarımı göstərmək övladlıq borcumdur. Rəsm çəkmək məndə mərhum anamdan gəlir. Təbii ki, bədiiyyata meyil isə atamla bağlıdır. 2003-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında atamla görüş oldu, qərara alındı ki, həmin görüş çərçivəsində mənim də sərgim keçirilsin. Mənim üçün çox həyəcanlı anlar idi. İşlərimi çox yaxşı qarşıladılar”.
   Xatirə xanım rəssam kimi ardıcıl olaraq müxtəlif layihələrdə və sərgilərdə iştirak edir. 
   Yuxarıda qeyd etdik ki, X.Həsənzadə ixtisasca musiqiçidir. O, 8 il fortepiano sinfində oxuyub. Sonra musiqinin tarix və nəzəri məsələlərilə məşğul olub. “Türk xalqlarının mahnılarında intonasiya əlaqələri” mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya müdafiə edib. Bu əsərində demək olar, bütün türk xalqlarının musiqisini araşdırmaya cəlb edib. İndi o, “Qafqaz Albaniyasının musiqi mədəniyyəti” adlı doktorluq dissertasiyası üzərində çalışır. Onun fikrincə, mövzunun çətinliyi ondadır ki, həmin dövrlə bağlı musiqi faktı tapmaq asan deyil. Ancaq buna baxmayaraq o, bu çətin işin öhdəsindən gələcəyinə inanır. 
   
   S.Qaliboğlu