Heydər Əliyev Mərkəzində müasir türk sənətkarlarının əsərlərindən ibarət sərgi açılıb
Sentyabrın 6-da Heydər Əliyev Mərkəzində müasir türk sənətkarlarının əsərlərindən ibarət sərgi açılıb. Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan sərgidə qardaş ölkədən səkkiz sənətkarın 60-dək əsəri yer alıb.
Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin 25-ci ildönümünə həsr olunan sərginin açılış mərasimində çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə bir tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib.
“Azərbaycanda olmaq mənim üçün hər zaman xoşdur və şərəfdir”
“Türkiyənin Xarici İşlər Nazirliyi və Azərbaycandakı səfirliyi ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümündə sərgi təşkil etmək qərarına gəldi. Tanınmış rəssamlarımız və heykəltəraşımız bu sərgiyə qatılmaq arzusunda olduqlarını bildirdilər. Bu sənətkarlar təkcə Türkiyədə deyil, xarici ölkələrdə də bəzən dövlətin dəstəyi ilə, bəzən isə müstəqil, öz fədakarlıqları ilə sərgilərdə iştirak edirlər”, - deyə nazir qeyd edib.
Türkiyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin ayrı-ayrı sahələrdə qurduğu əlaqələr, sözsüz ki, mükəmməl səviyyədədir. Həqiqətən də bu 25 ildə iki dövlət arasında başqalarına örnək ola biləcək münasibətlər yaranıb. İstər enerji layihələri, istər iqtisadiyyat, istər mədəniyyət, istər incəsənət sahələrində münasibətləri daha da genişləndirmək üçün əməkdaşlıq bundan sonra da davam edəcək.
Mədəniyyət və turizm sahələrində də iki dövlət arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən M.Çavuşoğlu deyib: “Hər hansı səbəbdən qardaş Azərbaycanda, eləcə də Bakıda olmaq mənim üçün hər zaman çox xoşdur və şərəfdir”.
Sərginin açılış mərasimində digər dost və qardaş ölkələrin səfirlərinin iştirak etdiyini qeyd edən nazir tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
“Mədəniyyət sahəsində əməkdaşlığımız geniş vüsət alıb”
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının mədəniyyət tədbiri ilə qeyd olunmasını əlamətdar hadisə kimi qiymətləndirərək deyib: “Bu mədəni tədbirin məkanı ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdir. Ulu öndərin “Bir millət, iki dövlət” kəlamının davamı olaraq, biz bu gün rəhbərlərimizin, xalqlarımızın qəlbində bir-birinə necə səmimi münasibət, sevgi, məhəbbət, etibar və ehtiram hissləri olduğunu görürük. Bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığımız geniş vüsət alıb. Son 25 ildə Türkiyə və Azərbaycan bütün beynəlxalq layihələrdə vahid konsepsiya ilə çıxış edir, böyük tədbirlərin təşkilində bir-birini dəstəkləyir. Xalqımızın yaratdığı nümunələrin bəşəriyyətin inciləri siyahısına daxil olmasında Türkiyə və Azərbaycanın qətiyyətli mövqeləri özünü göstərir. Bu proses davamlı olacaq. Sərgidən əvvəl Türkiyə sənətkarlarının ölkəmizdə çox gözəl görüşləri, ustad dərsləri keçirilib. Mədəniyyət həmişə aparıcı qüvvə kimi insanların bir-birinə yaxınlaşmasına səbəb olacaq”.
Qardaşlıq münasibətləri təsviri sənətin dili ilə
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Müasir türk sənətinin tanınmış təmsilçiləri Adnan Turani, Devrim Erbil, Yalçın Gökçebağ, Şükran Pekmezci, Hasan Pekmezci, Zeki Serbest və Ahmet Yeşilin tabloları, heykəltəraş Malik Bulutun əl işlərinin təqdim edildiyi ekspozisiya özündə fərqli yaradıcılıq istiqamətlərini əks etdirir.
Sərgi barədə təəssüratlarını bölüşən Türkiyə Dövlət İncəsənət Akademiyasının müəllimi, professor, adına sənət muzeyi yaradılan Devrim Erbil deyib: “Bu, xüsusi bir sərgidir. Dünyanın bir çox ölkələrində əsərlərim sərgilənsə də, Azərbaycanda, Heydər Əliyev Mərkəzində nümayiş etdirilməsinin fərqli mənası var. Sərgi Türkiyə ilə Azərbaycan arasında dostluq körpüsünün sənətin dili ilə ifadəsidir və mənim üçün də çox önəmlidir. Odur ki, sərgiyə böyük həvəslə qatıldım. Sərginin Heydər Əliyev Mərkəzində açılmasından çox məmnunuq. Bu gözəl məkana qibtə ilə baxdıq. Azərbaycan və Türkiyə sənətkarlarının daha çox görüşmələrinə, yaxınlaşmalarına çox şadam”.
Rəssam Şükran Pekmezci və həyat yoldaşı, rəssam Hasan Pekmezci də Bakıda keçirilən sərgidə iştirak etmələrinin onlar üçün böyük məna daşıdığını qeyd ediblər. Diqqətə çatdırıblar ki, sərgi onlar üçün həm Türkiyə-Azərbaycan münasibətləri, həm də qardaş ölkədə əsərlərinin nümayiş etdirilməsi baxımından önəmlidir.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik əlaqələrin qurulmasına dair protokol 1992-ci ilin 14 yanvarında imzalanıb. Bu, müstəqil Azərbaycanın beynəlxalq müstəvidə diplomatik münasibətlərə dair imza atdığı ilk sənəd idi.
Bu münasibətlərin 25 illiyi münasibətilə təşkil olunan sərgi iki ölkə arasında dostluq və qardaşlığın sənət dili ilə ifadəsidir. Sərgi oktyabrın 6-dək davam edəcək.