Sentyabrın 26-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində mərhum Xalq rəssamı Asəf Cəfərovun (1927-2000) 90 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirildi. 
   Tədbiri giriş sözüylə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq A.Cəfərovla bağlı xatirələrini dilə gətirdi, onun parlaq yaradıcılığının sənətsevərlərin qəlbində yaşayacağına inandığını bildirdi.
   Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov rəssamın yaradıcılığı haqqında geniş bilgi verdi, bu günlərdə Ağsuda A.Cəfərovun bir neçə əsərindən ibarət sərginin təşkil edildiyini söylədi. 
   Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov həmkarı haqqında xatirələrini danışdı, onu böyük istedada malik sənətkar kimi tanıdığını bildirdi.
   Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı, heykəltəraş Fuad Salayev A.Cəfərovun milli təsviri sənətimizə verdiyi əsərlərin bənzərsizliyindən söz açdı. 
   Sonra sənətsevərlər sərgilənən əsərlərlə yaxından tanış oldular. 
   Sərgidə rəssamın tematik tablo, portret, mənzərə və natürmort janrlarında əl işləri yer alır. Onların arasında “Ə.Vahid”, “V.Mustafazadə”, “S.Bəhlulzadə”, “Arif Məlikov” portretləri, “Bakıda qar”, “Xəzər dənizi”, “Abşeron”, “Daş hasarlar”, “Maştağa kəndi”, “Abşeronun qızıl qumları”, “İsti gün", “Əncir kolu”, “Axşam motivi” və s. tablolar diqqəti ayrıca cəlb edir. 
   A.Cəfərov 1927-ci ildə Bakıda doğulub. 1945-1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini alıb, 1951-1957-ci illərdə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirib. Rəssam 2000-ci ildə vəfat edib.
    
   S.Qaliboğlu