Oktyabrın 17-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında “Azərbaycanın rənglər dünyası Abu-Dabidə” adı altında Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərginin açılışı olacaq.
Sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin yardımı ilə təşkil ediləcək.
Sərgidə Nərminə Vəliyeva, Zəhra Məmmədova, Ayan Nəbiyeva, Roza Ələkbərova və Sofiya Rəsulovanın əsərləri nümayiş ediləcək. Layihənin məqsədi yerli sakinləri Azərbaycan incəsənəti ilə tanış etmək, ölkəmizin gözəlliklərini və inkişafını, gənc qadın rəssamlarımızın yaradıcılığını nümayiş etdirməkdir.
İctimai birliyin sədri Şəhla Nağıyeva bildirib ki, 18 oktyabr - Müstəqillik Günü və Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ərəfəsinə təsadüf edən sərginin təşkilinə ölkəmizin Abu-Dabidəki səfirliyi böyük dəstək verir.
Xatırladaq ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi bundan əvvəl QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ABŞ, Avstraliya, Almaniya, İtaliya, Macarıstan və Lüksemburqda da oxşar mədəniyyət tədbirləri təşkil edib.