Qarğalar analogiyanı anlamaq, eləcə də alətlərdən istifadə etmək bacarığına malikdir. Bəzi alimlər hesab edirlər ki, onların intellekti hətta meymunların intellekti ilə rəqabət apara bilər. Hollandiyada “Crowded Cities” startapı qarğaları siqaret kötüklərini xüsusi qablara gətirməklə əvəzində yemək əldə etməyə öyrətmək niyyətindədir.
Amsterdam küçələrinə hər il təxminən 6 milyard kötük atılır. Buna görə də startap komandası şəhər küçələrində kötüklərin axtarışı ilə məşğul olan ağıllı quşların istifadə edildiyi sistem yaratmağa qərar verib.
Layihənin müəllifləri ABŞ texnoloqu Coşua Kleynin 2008-ci ildə təsvir etdiyi, qarğalara küçələrdən metal pulları yığaraq onları yer fındığı ilə dəyişməyi öyrədən ticari avtomatın işindən ilhamlanıblar.
“Crowded Cities” də analoji yanaşmadan istifadə edir. Quşlar gətirdikləri kötükləri “Crowbar” qıfına atandan sonra onun içində quraşdırılmış kamera həmin əşyanın həqiqətən siqaret kötüyü olduğunu təsdiqləmək imkanına malikdir. Bundan sonra sistem quşlar üçün müəyyən miqdarda yeməyi xüsusi platformaya “təqdim edir”.
Sistemin komponentləri işə hazırdır. “Crowbar” qurğularının Amsterdamın küçələrində quraşdırılmasından sonra sınaqlara başlanılacaq.