Oktyabrın 13-də Xətai Sənət Mərkəzində “Vətənin tərənnümü” adlı etüd müsabiqəsinin yekun sərgisinin açılışı oldu. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə bu ilin iyul ayında elan olunmuşdu. 
   Tədbiri giriş sözüylə nazirliyin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov açaraq müsabiqə haqqında bilgi verdi, yerli rəssamların bu yarışmada həvəslə iştirak etdiyini söylədi. 
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbir münasibətilə iştirakçı rəssamları təbrik edərək bu günü onların yaradıcılığında yaddaqalan hadisə kimi dəyərləndirdi. O, ölkədə təsviri sənətin inkişafından, sənət adamlarına göstərilən qayğıdan danışdı. Nazir müavini hər bir rəssamın yaradıcılığında etüd mərhələsinin vacib olduğunu, bu ənənənin yenidən geniş şəkildə canlandırılmasının önəmini vurğuladı.
   Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov bu müsabiqənin başqalarından fərqli olduğunu, yəni rəssamları daha çox təbiətlə təmasa çağırdığını qeyd etdi. O, müsabiqəyə təqdim olunan işlərdən razı qaldığını bildirdi. 
   Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev bir vaxtlar Bakı küçələrində etüd çəkən, çiynində etüd çantası olan rəssamlara tez-tez rast gəlindiyini söylədi: “İndi həmin ənənələr yoxa çıxıb”. Etüdü ayrıca bir iş kimi dəyərləndirən sənətşünas onu ciddi yaradıcılıq üçün əvəzolunmaz mərhələ saydı. 
   Xalq rəssamı Arif Hüseynov müsabiqə iştirakçılarını təbrik etdi, belə layihələrin etüd ənənələrini qorumağa xidmət etdiyini vurğuladı. 
   Sonra qaliblər elan olundu, onlara mükafatlar təqdim edildi. 
   Münsiflər heyətinin qərarıyla birinci mükafat (600 manat) rəssam Ramil Məmmədova verildi. İkinci yerin (400 manat) sahibi İslam İsrafilov, üçüncü yerin (200 manat) sahibi isə Şahin Quliyev oldu. 
   10 nəfər iştirakçıya həvəsləndirici mükafatlar təqdim edildi, onların hər birinə yağlı boya dəsti verildi. Müsabiqənin bütün iştirakçılarına diplomlar təqdim edildi. 
   Qeyd edək ki, üç gün davam edən sərgidə məqsəd doğma yurda sevgi və vətənpərvərlik ruhunun yüksəldilməsidir. Ümumilikdə 150-dən çox rəssam öz canlı müşahidələri əsasında ərsəyə gətirdiyi 350-yə yaxın təbiət mənzərəsini - etüdləri müsabiqəyə təqdim ediblər. Yekun sərgidə isə münsiflər heyəti tərəfindən seçilmiş 46 rəssamın, 80-ə qədər etüdü nümayiş olundu. Eyni zamanda, korifey sənətkarlarımızın etüdlərindən bəziləri sərgidə yer almışdı. Müsabiqədə münsiflər heyətindən daha çox xal toplamış rəssamların bir qismi bölgələrimizə səfər edərək etüd çəkəcək. 
   Bildirək ki, etüd rəssamlıqda orijinalın ilkin variantına və ya gələcək rəsmə eskizin hazırlanmasına deyilir. Etüd naturadan çəkilmiş mənzərə, natürmort, portret və ya təsviri sənətin başqa janrlarında gerçək həyatın təsvir olunmasına əsaslanmış əsər anlamına gəlir. 
   
   S.Qaliboğlu