Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında gənc qadın rəssamlarımızın əsərlərindən ibarət sərgi açılıb. “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin “Azərbaycanın rənglər dünyası Abu-Dabidə” adlı layihəsi çərçivəsində təşkil olunan sərgi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və ölkəmizin BƏƏ-dəki səfirliyinin yardımı ilə reallaşıb.
Sərginin açılış mərasimi “Emireyts Palas” hotelində ölkəmizlə BƏƏ arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi və Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən tədbirə təsadüf edib.
Sərgidə gənc rəssamlar Nərminə Vəliyeva, Günay Həsənova, Zəhra Məmmədova, Ayan Nəbiyeva, Roza Muradlı və Sofiya Rəsulovanın əsərləri nümayiş etdirilib.
Gənc rəssamlarımızın əsərləri ilə BƏƏ-nin yüksək çinli məmurları, iş adamları, mədəniyyət xadimləri, qadın təşkilatlarının təmsilçiləri tanış olub, Azərbaycanın rənglər dünyası haqqında xoş sözlər söyləyiblər.
Rəsmi açılışdan sonra Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov BƏƏ-nin xarici işlər nazirinin müavini Əhməd Sari Əl-Məzruini xanım rəssamların əsərləri ilə yaxından tanış edib, ayrı-ayrı əsərlər, xüsusən Natəvan, Üzeyir Hacıbəyli kimi görkəmli şəxsiyyətlərin portreti barədə ətraflı məlumat verib.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva yüksək səviyyədə təşkil edilən tədbirin xalqlarımız arasında münasibətlərin inkişafına yardım edəcəyinə əmin olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın gənc rəssamlarının əsərlərinin belə nüfuzlu bir məkanda, dünyaca məşhur “Emireyts Palas” hotelində nümayiş edilməsi fəxarət doğurur.
Tədbir Gülay Zeynalova, Sahib Paşazadə və Toğrul Əsədullayevin iştirakı ilə muğam üçlüyünün, eləcə də ərəb folklor-rəqs qrupunun maraqlı ifaları ilə davam edib.