İslam dünyasında gerçək həmrəylik Allah kəlamındakı işığı dərk edərək yetişən nəsillərdən asılıdır
“Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam həmrəyliyi ili”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir”.
İqtibas Prezident İlham Əliyevin bu ilin mayında İslam Əməkdaşlıq Təşkilatının “OIC Journal” nəşrində dərc edilmiş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsindəndir.
Azərbaycan Respublikası 26-cı ildönümünü arxada qoyduğu müstəqilliyinin ilk günlərindən müsəlman dünyası ilə münasibətlərə xüsusi önəm verib. 1991-ci ildə Xalq Cümhuriyyətinin mirasına, üç rəngindən biri islamiyyət nişanəsi olan bayrağına sahib çıxaraq yenidən istiqlalına qovuşan Azərbaycanın adını yazdırdığı ilk beynəlxalq qurum İslam Konfransı Təşkilatı (2011-ci ildən İslam Əməkdaşlıq Təşkilatı adlanır) oldu. Ölkəmiz 1991-ci il dekabrın 9-da (Seneqalın paytaxtı Dakarda keçirilən İKT sammitində) təşkilata üzv qəbul ediləndə müstəqilliyimizi Türkiyədən savayı heç bir dövlət tanımamışdı. İslam dünyasından gələn dəstək bu prosesə də təkan oldu. Bir ay içində Azərbaycan 50-dən çox ölkə tərəfindən tanındı...
İstiqlalımızla başlanan həmrəylik
Ermənistanın hərbi təcavüzünə məruz qalan, informasiya-təbliğat imkanları məhdud olan ölkəmizin müsəlman dövlətləri tərəfindən dəstəklənməsi haqq səsimizin dünyaya çatdırılması üçün çox vacib idi. 1992-ci ilin sentyabrında BMT Baş Assambleyasının sessiyası zamanı İKT xarici işlər nazirlərinin görüşünün yekun sənədinə ilk dəfə bu münaqişə ilə bağlı maddə salındı, 1993-cü ilin aprelində İKT-nin Kəraçidə (Pakistan) keçirilən nazirlər konfransında bu mövzuda ilk qətnamə qəbul olundu. Növbəti il təşkilatın ölkəmizlə bağlı iki mühüm sənədi - Prezident Heydər Əliyevin iştirak etdiyi Kasablanka (Mərakeş) zirvə konfransında (dekabr 1994) Ermənistanın təcavüzünü açıq şəkildə pisləyən, eləcə də Azərbaycana iqtisadi yardım göstərilməsini nəzərdə tutan qətnamələr qəbul edildi. Sonrakı illərdə müsəlman dövlətlərinin müxtəlif səviyyəli toplantılarında Azərbaycanın problemi hər zaman diqqət mərkəzində olub.
Azərbaycan da bu illərdə İslam aləmi ilə münasibətləri xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi önə çəkib. Bu gün respublikamızın 50-dək müsəlman dövləti ilə diplomatik əlaqəsi var, onların təxminən yarısında diplomatik missiyalarımız fəaliyyət göstərir. Azərbaycan təkcə müsəlman dünyasında həmrəyliyə deyil, İslam ölkələri ilə Qərb arasında münasibətlərə də töhfəsini əsirgəmir.
2008-ci ilin dekabrında ilk dəfə Avropa və müsəlman ölkələri mədəniyyət nazirlərini bir araya gətirən Azərbaycan qlobal dialoq üçün tarixi fürsət yaratdı. Prezident İlham Əliyev mədəniyyətlərarası dialoqla bağlı “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü. Bir il sonra paytaxtımızda müsəlman ölkələri mədəniyyət nazirlərinin toplantısına Avropa ölkələri də dəvət edildi. “Bakı Prosesi” sivilizasiyalar dialoq üçün platformaya çevrildi. 2011-ci ildən başlayaraq paytaxtımızda iki ildən bir İslam ölkələri elm, təhsil, mədəniyyət qurumu - İSESCO-nun da yaxından tərəfdaşlığı ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
2012-2013-cü illərdə Azərbaycan müsəlman dövlətlərinin də dəstəyi ilə dünyanın ən mötəbər təsisatında - BMT Təhlükəsizlik Şurasında təmsil olundu və ölkəmizin təşəbbüsü ilə ilk dəfə BMT və İƏT arasında tərəfdaşlığın gücləndirilməsinə dair yüksək səviyyəli iclas (oktyabr 2013) təşkil edildi. Həmin il Azərbaycan Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə şəbəkəsinin yaradılması və Qüds şəhəri ilə bağlı donor konfranslarına ev sahibliyi etdi.
Dünyaya barış mesajı
Bu qəbil təşəbbüslər öz növbəsində müsəlman ölkələrinin Azərbaycana etimadının artması ilə müşayiət olunur. 2009-cu ildə Bakı İSESCO tərəfindən “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdi, 2018-ci ildə bu missiyanı Naxçıvan şəhəri davam etdirəcək. “Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun mövcud olduğu məkandır. Ədavət, münaqişə, toqquşma olan bir dünyada Azərbaycan ahəngdarlıq ölkəsidir” - İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin sözləri heç də gəlişigözəl ifadələr deyil. Bu ilin mayında Bakıda 54 müsəlman ölkəsinin iştirakı ilə gerçəkləşən böyük idman və dostluq bayramı - IV İslam Həmrəyliyi Oyunları həmin sözlərdəki reallığın bir daha təsdiqi oldu.
Ölkəmiz müsəlman dünyasının inteqrasiyasında fəal rol oynamaqla bərabər bu müstəvidə yeni təsisatların - İƏT Gənclər Forumu, Jurnalistlər Assosiasiyası kimi qurumların yaradılmasının təşəbbüskarı olub. Azərbaycan İƏT İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi - COMCEC-in fəaliyyətində də aktiv iştirak edir. COMCEC-in dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji turizm layihəsi (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan) həyata keçirilib.
20-25 il əvvəl iqtisadi çətinliklər, ağır qaçqın-köçkün problemi ilə üzləşərkən İslam dünyasından yardımlar alan Azərbaycan bu gün özü ehtiyac içində olanlara kömək əlini uzadır. Xarici İşlər Nazirliyinin nəzdində yaradılan Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Fələstin, Anqola, Əlcəzair, Çad, Əfqanıstan, Somali və s. müsəlman ölkələrində humanitar proqramlar həyata keçirir.
Ölkəmiz dünyanın müxtəlif yerlərində, daha çox Avropa və Amerikada boy göstərən islamofobiyaya qarşı aktiv mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin beynəlxalq toplantılarda çıxışları müsəlman miqrantlara qarşı aqressiv davranan, İslam əleyhinə kampaniya aparan qüvvələrə təsirli cavabdır. İslam dəyərlərinin təbliği istiqamətində addımlar da bu kontekstdə qeyd edilməlidir. Azərbaycan Parisdəki Luvr Muzeyində İslam bölməsinin təşkilində fəal iştirak edib, Vatikanda öz sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsi olub.
Onu da vurğulamaq gərəkdir ki, Azərbaycanın fəal təşviq etdiyi İslam həmrəyliyi təkcə müsəlman ölkələri üçün deyil, ümumilikdə dünya üçün sivilizasiyalararası münasibətlərin nizamlanması yolunda mühüm fürsətdir. Yer kürəsinin müxtəlif yerlərində din adından sui-istifadə edərək münaqişə və müharibələri alovlandıran, terrorizmə, ksenofobiya və islamofobiyaya meydan açan qüvvələrə qarşı İslamın gerçək mahiyyətini göstərən həmrəylik çox vacibdir. Bu baxımdan Azərbaycanın dövlət başçısı “İslam həmrəyliyi ili”ni elan etməklə, əslində, bütün dünyanı bu dindəki sülh, bərabərlik kimi dəyərlərlə həmrəyliyə dəvət edir. Bu, həm də o baxımdan xüsusilə əlamətdardır ki, belə bir çağırışı müsəlman aləmində dünyəvi dövlətçiliyin nümunəsi olan ölkə edir. Azərbaycan müsəlman ölkəsi və dünyəvi dövlət olmaqla bərabər, eyni zamanda İslam dünyasında məzhəblərin həmrəyliyinə örnəkdir.
İslamı mahiyyətcə öyrənib təbliğ etmək
“Allahın yolunda bir olaq!” - Prezident Heydər Əliyev bu sözləri 1994-cü il avqustun 26-da Təzəpir məscidində Mövlud bayramı (Həzrəti Məhəmməd (s) Peyğəmbərin mübarək mövludu) münasibətilə keçirilən mərasimdə demişdi. Bu, Azərbaycan tarixində siyasi rəhbərin dindarlar qarşısında ilk kütləvi çıxışı idi. Şükranlıq hissi ilə qeyd edə bilərik ki, ötən müddətdə - müxtəlif qüvvələrin ortaya nifaq toxumu səpmək, dini zəmində problemlər yaratmaq cəhdlərinə rəğmən - ölkəmizdə həm tarixən bərqərar olmuş dinlərarası anlaşma, məzhəblərarası həmrəylik qorunub saxlanılıb, həm də din-dövlət münasibətləri bu prosesə zəmin yaradıb.
Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, burada məzhəb ayrı-seçkiliyinə yol verilmir, şiələr və sünnilər eyni məsciddə ibadət edir, vəhdət namazı qılırlar. 2001-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, hər iki məzhəbi təmsil edən Qafqaz Müsəlmanları İdarəsi bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir. Bu prosesə media vasitələrinin cəlb olunması, dindən yazan jurnalistlər üçün treninqlərin təşkili və s. addımlar da əlamətdar hal kimi qeyd edilməlidir. Çünki çağdaş zamanda dini kəsimlə ünsiyyətdə media xüsusi təsirə malikdir, hərçənd informasiya vasitələri bu prosesdə həm konstruktiv, həm də neqativ rol oynaya bilərlər. Avropada bir para nəşrlərin zaman-zaman körüklədiyi islamofobiya, müsəlman mühacirlərə qarşı media düşmənçiliyi ikinci örnəyə misaldır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu ilin mayında IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bu məqama xüsusi diqqət yetirmişdi. Dövlət başçısı qeyd etmişdi ki, radikalizmi aradan qaldırmaq üçün onun fundamental səbəblərini müzakirə etməliyik: “Burada da çox vacib olan məsuliyyət məsələsinə toxunuruq ki, onlardan biri medianın məsuliyyətidir. Beynəlxalq mediaya nəzər salsaq, əsasən miqrant böhranı, toqquşma, dini münaqişə görürük”.
Müsbət haldır ki, Azərbaycan mediası bu xüsusda ondan umulan ictimai məsuliyyətin fərqindədir və dini radikalizm, bölücülük təsirlərindən uzaq dayanır. Bu bir yandan Azərbaycan cəmiyyətinə xas tolerantlığın mətbu inikasıdırsa, digər yandan, burada dini maarifləndirmənin, eləcə də Mətbuat Şurasının timsalında medianın işlək özünütənzimləmə mexanizmi kimi faktorların mühüm rolu var. Bununla belə, bəzən məzhəbçilik təfəkkürü, yaxud İslam həmrəyliyini kortəbii ümmətçilik kimi təqdim edən fikirlər internetdə, sosial mediada yayılır. Fikrimizcə, bu meyllərə qarşı ən təsirli vasitə ilk növbədə nüfuzlu din xadimlərinin mətbu sözü, İslam dəyərlərinin səviyyəli, savadlı və elmi-populyar şəkildə təbliği olmalıdır. Bu xüsusda ilahiyyatçı Hacı Şahin Həsənlinin fikri diqqət çəkir: “Ümmətçilik o həddə olmamalıdır ki, insan milli kimliyini itirsin. Bu, manqurtlaşmadır. Xalqın milli mənsubiyyəti qorunub saxlanılmalıdır. Quranda deyilir ki, biz sizi bir kişi və bir qadından yaratdıq və sizi xalqlara və qəbilələrə böldük ki, bir-birinizi tanıyasınız. İslam bu müxtəlifliyin tərəfdarıdır”.
Əslində, İslam dünyasının gələcəyi də müsəlman ölkələrinin hər birinin çağdaş elmi-texniki tərəqqi, təhsil və mədəniyyətin səviyyəsi ilə ayaqlaşaraq irəliyə getməsindən asılıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu yaxınlarda Xaçmaz şəhərində İslam həmrəyliyi mövzusunda konfransda maraqlı faktları diqqətə çatdırdı. Yer kürəsinin quru hissəsinin 20 faizi, neft-qaz ehtiyatlarının 60 faizi müsəlman ölkələrinin payına düşür. Amma bu təbii üstünlüklərə baxmayaraq, müsəlman ölkələrinin dünya iqtisadiyyatında payı 5-6 faiz təşkil edir. Dünyada münaqişələrin, terror aktlarının isə 70-80 faizi müsəlman ölkələrinin ərazisində baş verir.
Niyə deyib düşünsək, çox məqamları sadalaya bilərik. Bu vəziyyəti dəyişmək üçün isə yol bəllidir: elm, təhsil və mədəni inkişaf, İslamı ehkam kimi deyil, mahiyyətcə öyrənib təbliğ etmək. Savadlı, elmli, Allah kəlamındakı işığı dərk edərək yetişən nəsillərin - dil və coğrafi məkan ayrılıqları olsa belə - bir-birini anlaması da, həmrəyliyi də sözdə deyil, gerçək olar.
Vüqar Orxan
Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Mətbuat Şurası və Bakı şəhər Məşədi Dadaş Dini İcmasının birgə keçirdiyi “İslam həmrəyliyi və media” mövzusunda müsabiqəyə təqdim olunur