Leonardo Da Vinçinin “Dünyanın xilaskarı” rəsminin “Christie's” satış evində səbirsizliklə gözlənilən satışı gerçəkləşib. Nyu-Yorkda keçirilən hərracda əsər 400 milyon dollara satılıb. Lotun vergilər və hərrac yığımları ilə birgə qiyməti 450 312 500 dollar təşkil edib ki, bu da indiyədək hərraclarda satılan sənət əsərləri üçün rekord məbləğdir.
Məşhur rəssamın şəxsi kolleksiyada olan yeganə əsəri hərraca 100 milyon dollardan başlayan ilkin qiymətlə çıxarılmışdı. Əsər uğrunda beş alıcı mübarizəyə başlayıb, lakin qiymət 200 milyon dolları keçdikdən sonra onlardan üçü fikrindən daşınıb. Nəticədə rəsm əsəri 20 dəqiqəlik ticarətdən sonra 400 milyon dollar təklif edən alıcıya qismət olub.
Qeyd edək ki, bu məbləğ 2015-ci ildə “Christie's” satış evinin Nyu-Yorkda keçirilən hərracında qeydə alınan rekorddan iki dəfə yüksəkdir. Qətərin baş naziri Hamed bin Casem Əl Taninin təxminən 200 milyon dollara aldığı “Əlcəzairli qadınlar” (Pablo Pikasso) rəsmi indiyədək satılan ən bahalı əsər sayılırdı. “Dünyanın xilaskarı” rəsm əsərinin yeni sahibinin adı isə açıqlanmır.
Məlumatlara görə, əsərin son sahibi rusiyalı oliqarx Dmitri Rıbolovlyev olub. O, rəsmi art-dilerlərin birindən 128 milyon dollara alıbmış. Beləliklə, o, hərracda bunun ikiqatdan artığını qazanıb.
Dünya bu əsərdən ilk dəfə 50 il əvvəl xəbər tutmuşdu. O vaxt “Dünyanın xilaskarı” Da Vinçi məktəbinə aid rəsm sayılırdı və ona cəmi 45 funt-sterlinq hərrac qiyməti qoyulmuşdu. Əsərin məşhur rəssamın fırçasına məxsus olduğu isə 6 il əvvəl dəqiqləşib.