Qədim tarixi yerləri, coğrafi mövqeyi və zəngin milli-etnik tərkibi Azərbaycan Respublikasını müxtəlif mədəniyyətlərin və dinlərin qovuşduğu, bir-biri ilə dialoqa girdiyi və harmoniyada yaşadığı məkana çevirir. Odlar Yurdunda əsrlər boyu səmavi dinlər - İslam, Yəhudilik, Xristianlıq - arasında tolerantlıq, inam və etimad mühiti yaranıb. 
   Azərbaycan dünyada erkən xristian icmalarının məskənlərindən olub. Qəbələ rayonunun Nic, Şəkinin Kiş kəndlərində eramızın ilk əsrlərinə aid Alban kilsəsinin məbədləri, Kəlbəcər rayonu ərazisində Qafqaz Albaniyasının ən böyük dini abidələrindən Xudavəng monastır kompleksi buna misaldır. Azərbaycan cəmiyyətində və həyat tərzində tolerantlıq mühiti, harmonik dialoq müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və konfessiyaların adət-ənənələrini qorumasına imkan verib. 
   Azərbaycan cəmiyyətində tarixən bərqərar olmuş tolerantlıq elementləri bu gün bütün dünyada yayılır və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun, multikulturalizmin möhkəmləndirilməsi, ölkələr və regionlar arasında dinc yaşayış və rifahın yayılmasında əvəzsiz rol oynayır. Mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin əsası 2-3 dekabr 2008-ci ildə Bakıda Avropa və İslam ölkələri mədəniyyət nazirlərinin bir araya gəldiyi “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” adlı beynəlxalq konfransda qoyulub. Həmin konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu təşviq edən, Azərbaycanın mədəni diplomatiyasını təbliğ edən, multikulturalizm siyasətini möhkəmləndirən interaktiv beynəlxalq platforma olaraq “Bakı Prosesi" yaradıldı. 
   2011-ci ildən etibarən Prezident İlham Əliyevin himayəsi altında “Bakı Prosesi” çərçivəsində Azərbaycan paytaxtı dörd dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib:
   - 7-9 aprel 2011-ci ildə keçirilən I Dünya Mədəniyyətlərarası Dialoq Forumunda beş qitənin 102 ölkəsindən 500 nümayəndənin iştirakı ilə mədəniyyətlərarası dialoqa aid məsələlər müzakirə olundu. Forumun əsas mövzusu belə idi: "Ortaq dəyərlərlə birləşmək, mədəni müxtəliflik ilə zəngin olmaq".
   - 29 may - 1 iyun 2013-cü ildə II Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" devizi altında gerçəkləşən Forumda “Qlobal gələcəyin birgə qurulması”, “Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır”, “Qloballaşmanın yeni erası: dəyişən dünyada mədəniyyətlərdə hibridləşmə”, “Turizm - insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi” və s. mövzularda müzakirələr aparıldı.
   - 18-19 may 2015-ci ildə keçirilən III Dünya Mədəniyyətlərarası Dialoq Forumda insan təhlükəsizliyi, fərqli mədəniyyətlərin paylaşılmasının əhəmiyyəti mövzuları əksini tapmışdı. Forumun əsas mövzusu "2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Gündəliyi" idi.
   - 5-6 may 2017-ci ildə gerçəkləşən IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusu "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" idi. Forumda dini konfessiyalar arasında münasibətlər, immiqrasiya siyasəti, insan təhlükəsizliyi, mədəni diplomatiya, təhsil, davamlı inkişafın rolu və digər məsələlər barədə danışıldı. 
   Qeyd olunan nüfuzlu beynəlxalq tədbirlər Azərbaycanın mədəniyyət diplomatiyası sahəsində əməli nəticələr yaradaraq ikitərəfli və çoxtərəfli platformalarda xarici siyasətinin həyata keçirilməsində ölkənin rolunu gücləndirib. Azərbaycan bir sıra ölkələrin və beynəlxalq qurumların multikulturalizm siyasəti və dini dialoqun möhkəmləndirilməsi istiqamətində fəal rol oynamaları üçün, eləcə də dini zorakılığın, terror aktlarının azaldılması və regional miqrasiya siyasətini təkmilləşdirmək sahəsində səylərini intensivləşdirməsinə kömək edib. 
   Bu kontekstdə Avropada keçirilmiş bir neçə son tədbiri qeyd etmək olar: 
   24-25 aprel 2017-ci ildə Afinada (Yunanıstan) "Qədim sivilizasiyalar forumu”nun nazirlər səviyyəsində birinci görüşünün təşkili və "Qədim sivilizasiyalar forumu"nun (GC10) qurulması. 
   30-31 oktyabr 2017-ci ildə Afinada keçirilmiş "Dini və mədəni plüralizm və Orta Şərqdə sülh içərisində mövcudluq" adlı 2-ci beynəlxalq konfrans; 
   Bakı beynəlxalq ictimaiyyət tərəfindən göstərilən bütün səyləri başlanğıc mərhələdə dəstəkləyərək onların qlobal səviyyədə iştirakçısı olub. Azərbaycan fəal şəkildə Nobel mükafatı laureatlarını, dövlət başçılarını və mədəniyyət ekspertlərini - dünyanın aktual problemləri və bu günün və gələcəyin maneələri ilə yanaşı - mədəniyyətlərarası və dinlərarası dialoqun təbliğ edilməsi məqsədilə bir araya gətirir.
   Azərbaycan mədəni zənginliyi və tolerant münasibəti ilə mədəniyyətlərarası və dinlərarası dialoq üzrə xüsusi dəyərlərə, regionda sülhün qorunması, iqtisadi inkişafın və beynəlxalq hüquqa hörmətin təmin edilməsi üçün vacib olan xüsusiyyətlərə malikdir. "Bakı Prosesi" hökumətlər və insanlar arasında mədəniyyətlərarası dialoqun təbliğ edilməsi, bir çox etnik qruplar arasında əməkdaşlığın gücləndirilməsi və müxtəlif qitələrdə yaşayan xalqların mədəni əməkdaşlığının təşviqini bundan sonra da davam etdirəcək.
   2017-ci il noyabrın 15-də Parisdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva 2025-ci ildə keçiriləcək Dünya Sərgisinə (Expo 2025) ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyini irəli sürdü. Həmin mərasimdə Mehriban xanım Əliyeva Azərbaycanın yüzillər boyu qədim tarixə və zəngin mədəniyyətə sahib olduğunu vurğuladı: “İki min il ərzində qədim İpək Yolu Azərbaycandan keçmişdir. Bu, ölkənin tarixini, mədəniyyətini və tolerant dünyagörüşünü formalaşdırmışdır. Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində əsrlər boyu yanaşı yaşamışdır. Etnik və dini müxtəliflik və multikulturalizm təkcə bizim dövlət siyasətimiz deyil, eyni zamanda həyat tərzimizdir. Bu bizim tariximizdir və bugünkü reallıqdır. Biz dünyəvi, çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətik və bundan qürur duyuruq".
   Azərbaycanın 2025-ci il Dünya Sərgisinə namizəd ölkə kimi təqdim edilməsi ölkənin beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir. Azərbaycan Respublikası mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”ni Avropada və dünyanın digər yerlərində qlobal nüfuza və əhəmiyyətə malik beynəlxalq strateji təşəbbüsə çevirib.
   
   Yazı beynəlxalq siyasət və 
   diplomatiya problemləri üzrə 
   ixtisaslaşmış moderndiplomacy.eu analitik portalında dərc olunub