Son illər Azərbaycan Ukrayna turistləri üçün cəlbedici olub. Ona görə də Ukraynadan ölkəmizə gələn turistlərin sayında artım müşahidə edilir.
Bunu dekabrın 8-də Kiyevdə Azərbaycanın turizm imkanlarının tanıdılması ilə bağlı keçirilən təqdimatda Mədəniyyət və Turizm Nazirliyi Milli Turizm Təbliğat Bürosunun marketinq üzrə nümayəndəsi Cəmilə Talıbzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanda turizm sahəsinin inkişafına dair Strateji Yol Xəritəsində əksini tapan məsələlər üzrə müvafiq işlər görülür və bu da ölkəmizə gələn turistlərin sayına öz təsirini göstərir. Bildirib ki, Kiyevdə keçirilən təqdimata Ukraynanın 25-ə yaxın turizm şirkətinin nümayəndəsi qatılıb.
Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndəsi Təbriz Qarayev isə çıxışında deyib ki, bu cür təqdimatların intensiv keçirilməsi ölkəmizin turizm imkanlarının tanıdılması baxımından önəmlidir. Azərbaycanda turizmin inkişafı ilə bağlı dövlət proqramları qəbul edilib, beynəlxalq sərgilər keçirilir. Aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmiz dünya turizminin maraq dairəsinə çevrilib.
Sonra tədbirdə Azərbaycanın turizm imkanları ilə bağlı videotəqdimat edilib. İştirakçılara ölkəmizə aid suvenirlər və təbliğat materialları paylanılıb.