“Bu da mənim yolumdur. Rəngləri qatbaqat vururam. İstədiyim alınana kimi belə edirəm”
Nağdəli Xəlilov çağdaş rəssamlarımız arasında özünəməxsus rəng texnikası ilə seçilən sənətkardır. Ötən il 70 yaşını qeyd edən rəssam yubiley sərgisini keçirməklə sənətsevərlərlə dolğun bir görüşə gəlmişdi.
Bugünlərdə qocaman sənətkarla görüşmək üçün yaşadığı Mərdəkan qəsəbəsinə yollandım. Buraların rəssam üçün öz cazibəsi var. Nağdəli müəllim deyir ki, indiyəcən evində emalatxanası olmayıb. Bütün əsərlərini evin qabağındakı üstüörtülü kiçik bir yerdə - talvarda yaradıb. Yayın qızmarında, qışın sazağında da. Rəssamın oğlu bu il atası üçün həyətdə yaxşı bir emalatxana tikib. İndi qalır işləmək. Qocaman rəssam deyir ki, sərgidən sonra səhhətindəki problemlərdən, bir də rəngsizlikdən işləyə bilməyib. Bu müddətdə cəmi iki əsər çəkib. Çəkmədiyinə görə özünü rahatsız hiss edir.
N.Xəlilov 1946-cı ildə qədim İrəvan şəhərinin yaxınlığındakı Qəmərli rayonunun Sarıcalar kəndində aşıq Xəlilin ailəsində anadan olub. 1972-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1980-ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. 1984-cü ildə Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. 1993, 1996, 2016-cı illərdə Bakıda fərdi sərgiləri keçirilib.
Onun taleyi və rəssamlığa gəlişi də əzablı olub. Doğulandan bir neçə il sonra Ermənistandan deportasiya olunan soydaşlarımızla bərabər onun ailəsi də dədə-baba torpaqlarını tərk etməli olub. Beyləqan rayonunda məskunlaşıblar.
Atası rəssam olmağını istəmirmiş. Ancaq sonradan oğlunun istəyinə qarşı çıxmayıb. Rəssamlıq Məktəbində dövrün tanınmış rəssamları Lətif Feyzullayev və Kamil Xanlarovdan dərs alıb. Sonra ali rəssamlıq təhsili almaq üçün Tbilisiyə yollanıb. Rəssam o günləri belə xatırlayır:
“Orada bir il hazırlıq kursunda oxudum. Həm işlədim, həm də akademiyaya hazırlaşdım. Müxtəlif kurslarda oxuyan tələbələrlə birgə işləyirdim. Bununla da məndə psixoloji hazırlıq da yaranmışdı. İmtahanları uğurla verib qəbul olundum. Qəbul imtahanlarının birindən akademiya üzrə tək mənə beş yazmışdılar. Tələbəlik illərim çox məhsuldar keçib. Əsas məqsədim rəngkarlığı öyrənmək idi. Müəllimlərimdən biri rəngə olan həssaslığımı görüb demişdi ki, sən güclü rəngkar olacaqsan”.
Nağdəli müəllimin yaradıcılığı üçün xarakterik olan başlıca cəhət kətan üzərində yaxmaları qalın vurmasıdır. Bu, dünya təcrübəsində var. Azərbaycanda isə bunu bir ilk saymaq olar. Rəssam işlədiyi texnikasını belə izah edir: “Bu da mənim yolumdur. Rəngləri qatbaqat vururam. İstədiyim alınana kimi belə edirəm. Bəzən istədiyimi ala bilmirəm, onda rəngi qaşıyıb götürürəm, yerinə başqasını vururam. Başqa cür rəng vurmağı xoşlamıram. Rembrandt da yaxmaları qalın vururmuş. O qədər qalın ki, rənglər ağırlıqdan kətanın üzərində dayanmır, yerə tökülürmüş. Hər rəssam bir cür işləyir. Məsələn, Səttar rəngi çox duru işlədirdi. Onun əsərlərində boyanın təbəqəsi hiss edilməyəcək dərəcədə nazikdir”.
Bəs, görəsən, qalın yaxmaların gələcəkdə çatlamaq və qopmaq təhlükəsi varmı?
N.Xəlilov: “Düzgün əməl edilərsə, heç bir qopma təhlükəsi ola bilməz. Əksinə, belə əsərlərin daha çox qalmaq imkanı var. Gördüyünüz kimi, hələ hansısa əsərimdə belə bir təhlükə yoxdur”.
Qalın yaxmalar rəngin daha çox işlədilməsini tələb edir. İlin-günün bu vaxtında, rəssamlıq ləvazimatının od qiymətinə olduğu bir çağda rəngi qalın vurmaq sənətkarın büdcəsinə çox ziyandır: “Elə bilirlər çox imkanlıyam, ona görə rəngdən gen-bol istifadə edirəm. Halbuki rəngsizlikdən bu il işləyə bilməmişəm. Sadəcə başqa cür edə bilmirəm. İldə iki min manat rəngə pul verirəm. İnanmıram, kimsə ildə rəngə bu qədər pul xərcləsin. Sovet dönəmində rəssamların bədii fondundan çoxlu rəng alırdım. Elə bilirdilər ki, aparıb başqa yerdə satıram”.
Rəssamın hər hansı əsərini qaldırdımsa, çəkisi çox ağır gəldi. Çərçivəsiz kətanların ağırlığı 1,5-2 kq olar.
Nağdəli müəllimin əsərlərinin öz cazibəsi var. Bunu yaradan səbəblərdən biri yaxmaların qalınlığıdırsa, başqa səbəb isti və soyuq rənglərin ahəngdarlığı, parlaq rənglərlə tutqun çalarların uğurlu uyğunluğudur. Əsərlərində tündlük çox güclüdür. Sanki əsərlərin təsvir olunduğu mühitlərdə işıq öləzimiş kimidir və oradakı gözəlliyi, işığı rəssam göstərməyə çalışır.
N.Xəlilov: “Bir dəfə mərhum Xalq rəssamı Toğrul Nərimanbəyov mənim əsərlərimə baxdı və dedi: “Məndə rənglər çox açıqdır, üzdədir, səndə gizli. Və bu çox gözəldir. Onunla bizim zahiri oxşarlığımız da vardı. Əsərlərimdəki tutqunluğa gəldikdə isə, məndə bütün rənglər təbiidir, heç bir qondarma rəng yoxdur. Bəzi rəssamlar olmayan rəngləri işlədirlər, yalançı effektlər yaradırlar”.
Rəssam aşıq ailəsində böyüdüyündən ozan sənətinə, folklora, ədəbiyyata çox yaxındır. Aşıq Ələsgərə ayrıca rəğbəti var. Akademiyada diplom işi kimi Dədə Ələsgərin portretini çəkib. Onun portretlərinin çoxu tarixi şəxsiyyətlərlə bağlıdır. Məhəmmədhüseyn Şəhriyar, Cəlaləddin Rumi, Nəsirəddin Tusi, Xəstə Qasım, Mir Möhsün Nəvvab, Məhəmməd Füzuli və başqalarının portretlərini çəkib.
Rəssamın yaradıcılığında mənə ən çox təsir edən isə natürmortlarıdır. Bu əsərlərdə sənətkarın yüksək rəng duyumu elə qabarıqdır ki, istər-istəməz tamaşaçıya təsir edir.
Sənətkarın “İki ağac”, “Quş yuvası”, “Heyratı”, “Balıqçılar”, “Bəy quşlar”, “Dəniz gecə vaxtı”, “Sübh çağı”, “Qızılgüllər”, “Xanımımın çırağı” əsərləri də diqqətçəkəndir.
Nağdəli müəllimin avtoportretləri də var. Bunların hər biri sənətkarın ayrı-ayrı çağlarının ovqatını ifadə edir. Bu çağında yaratmaq duyğusuyla yaşayan qocaman sənətkara cansağlığı diləyirik.
S.Qaliboğlu