Heydər Əliyev Mərkəzində “Karavacco - Opera Omnia” sərgisi
   
   Dekabrın 13-də Heydər Əliyev Mərkəzində “Karavacco - Opera Omnia” adlı sərgi açılıb. Sərgidə məşhur italyan rəssam Mikelancelo Merizi da Karavacconun 40-dək əsərinin rəqəmsal texnologiyadan istifadə edilərək hazırlanmış reproduksiyaları təqdim edilir.   
   Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, iki ölkə arasında diplomatik əlaqələrin 25 illiyinə həsr edilən bu sərgi İtaliyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil edilib. Vurğulanıb ki, Azərbaycan İtaliya ilə əlaqələrə xüsusi önəm verir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə mədəniyyətimiz İtaliyanın müxtəlif şəhərlərində təqdim edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə artıq altı ildir ki, Azərbaycan Venesiya Biennalesində təmsil olunur. A.Ələkbərov indiyədək Heydər Əliyev Mərkəzində İtaliya mədəniyyətinə dair bir sıra tədbirlərin keçirildiyini də diqqətə çatdırıb.
   İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari çıxışında deyib: “Bu tədbir ölkələrimiz arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd edilməsində çox mühüm hadisədir. Belə layihələrin təşkili xüsusi əhəmiyyət kəsb edir. Mikelancelo Merizi da Karavacconun əsərləri olduqca böyük anlam daşıyır. Sərgidə təqdim olunan 37 əsərin reproduksiyası onun necə böyük sənət adamı olduğunu təsdiqləyir və izləyicilərin rəssamın möhtəşəm əsərləri ilə bir daha tanış olmasına imkan yaradır”.
   Sonra iştirakçılar sərgi ilə tanış olublar.
   Mikelancelo Merizi da Karavacco XVII əsr Avropa rəssamlığının islahatçısı, realizmin banisi, barokkonun görkəmli nümayəndələrindən biridir. O, Milanda dünyaya gəlib, lakin yaradıcılıq karyerası Romada başlayıb. Təbii üslubu və kəskin işıq-kölgə əleyhinə əsaslanan forması ilə rəsm sənətində yeni bir yol açıb, əsərlərində işıq və qaranlığın kəskin və mükəmməl təzadını əks etdirib. Karavacco naturalist bir sənətçi idi. Rəsmlərində hər xırda detal üzərində diqqətlə çalışması onun reallığa necə dəyər verdiyinin sübutudur. 
   Heydər Əliyev Mərkəzində nümayiş olunan “Karavacco - Opera Omnia” sərgisi Karavacco sənəti ilə texnologiyanın yeniliklərini qovuşdurur. Reproduksiyalar əsərlərin real ölçülərində və yüksək keyfiyyətdədir. Sərgi 2018-ci il yanvarın 24-dək davam edəcək.