“Şopinq festivalları ölkəmizdə ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərib”
   
   Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq yaradılan Turizm Şurasının fəaliyyətə başlamasından bir il ötür. Dekabrın 18-də Turizm Şurasının növbəti - VI iclası keçirildi.
   Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi.
   Ölkə başçısının müvafiq fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qurumun qarşısında qoyulan məsələlərdən söz açan nazir bildirdi ki, şuranın yaradılmasında əsas məqsəd Azərbaycanda bu sahədə mövcud vəziyyətin təhlil edilməsi, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir: “Turizm Şurasının ötən dövrdəki fəaliyyətinin artıq bəhrələrini görürük. Bundan öncə şuranın keçirdiyi beş iclasda 110 qərar qəbul olunub. Bu qərarlardan 81-i tam icra olunub. 25 qərarın icrası davam edir. 4 icra olunmamış qərarın da həyata keçirilməsi istiqamətində işlər görülür”.
   Nazir qeyd etdi ki, ölkə başçısının müvafiq fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası istiqamətində görülən işlər davam etdirilir: “Hazırda şuranın üzvləri müvafiq işçi qrupları üzrə öz fəaliyyətlərini davam etdirirlər. Ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində qarşıya çıxan sualların operativ şəkildə həllini tapmasına öz töhfələrini verirlər”. 
   Əbülfəs Qarayev turizm sənayesinin milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdıraraq bildirdi ki, ötən il ərzində turizm sənayesinin inkişafı istiqamətində bir çox işlər görülüb. 2017-ci il ərzində iki şopinq festivalının keçirildiyini diqqətə çatdıran nazir vurğuladı ki, statistik rəqəmlər göstərir ki, festivallar ölkəmizdə ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərib: “Əgər birinci Bakı Şopinq Festivalında 172 şirkət əlavə dəyər vergisinin (ƏDV) qaytarılmasına qoşulmuşdusa, ikinci festivalda onların sayı 493 olub. İlk festivalda tərəfdaş qismində çıxış edən müəssisələrin sayı 33 idisə, budəfəki festivalda 150 olub. Bu da sahibkarlar tərəfindən festivala olan marağın getdikcə artdığını bir daha təsdiq edir”.
   Əbülfəs Qarayev 2017-ci ildə ölkəmizə gələn xarici turistlərin sayının artdığını bildirdi. Qeyd etdi ki, bu ilin on bir ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20 faiz artaraq, 2 milyon 477 min 908 nəfər olub. Ölkəmizdən xaricə gedənlərlə ölkəmizə gələnlər arasında bu il ilk dəfə müsbət saldo qeydə alınıb.
   Sonra iclasda liberal hava nəqliyyatının əldə olunması üzrə işçi qrupu tərəfindən hazırlanmış müvafiq fəaliyyət planının və yeni aviareyslərin açılması ilə bağlı sənədin müzakirəsi oldu. Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov və “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev çıxışlarında bildirdilər ki, Strateji Yol Xəritəsində nəzərdə tutulan liberal hava nəqliyyatının inkişafı istiqamətində işlər davam etdirilir.
   Qeyd olundu ki, ötən müddət ərzində aşağı büdcəli reyslərin açılması istiqamətində işlər həyata keçirilib. Yay turizm mövsümündə bir sıra ölkələrin aviaşirkətləri tərəfindən Azərbaycana aşağı büdcəli uçuşlar təşkil olunub. Bildirildi ki, bu istiqamətdə atılan addımlar davam etdiriləcək.
   İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi məqsədilə işçi qrupunun yaradılması və Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə görüləcək işlərdən danışdı. Qeyd olundu ki, beynəlxalq səviyyədə qəbul edilən həmin sertifikatların əldə olunması ölkəmizin sağlamlıq turizmi potensialının xaricdə daha geniş tanınmasına və xarici turist axınına yardımçı olacaq.
   Daha sonra “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin müvafiq bəndinə əsasən hazırlanmış Bakı şəhərinin turizm təqviminin və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) tərəfindən elektron viza alanların rəy sorğusu ilə bağlı təqdimat keçirildi.
   Toplantıda şura üzvləri turizmin inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, nəzərdə tutulmuş layihələr barədə fikirlərini səsləndirdilər. Daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, turizm infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparıldı.
   Əbülfəs Qarayev sonda bir daha Turizm Şurasının növbəti ildə də uğurlu fəaliyyət göstərəcəyinə əminliyini ifadə etdi.
   
   Fariz Hüseynov