Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan və Azərbaycanın turizm tarixində ən genişmiqyaslı layihə hesab olunan “Şahdağ” Turizm Mərkəzində sayca altıncı qış mövsümü dekabrın 16-da açıq elan edilib. Ağappaq qarla örtülmüş Şahdağ yamacları xizək həvəskarlarının istifadəsinə verilib.]
   Bu tarix xizək mövsümünün açılışını həsrətlə gözləyənlər üçün bayram əhval-ruhiyyəsi ilə yadda qalıb. Açılış gününə özəl olaraq yerli brendlərdən ibarət qış yarmarkası ilə yanaşı, canlı musiqi ilə konsert proqramı da təşkil olunub.
   İlk dəfə olaraq məhz açılış günü mərkəzdə bu qədər izdiham yaşanıb. Gün ərzində mərkəzə 3 mindən çox turist gəlib. Keçən il qış mövsümü ərzində 95 mindən çox turist qəbul edən mərkəzə üz tutan yerli və xarici turistlərin sayı ilbəil artdığından bu mövsümün ötən ilki rəqəmləri üstələyəcəyi proqnozlaşdırılır.
   Açılış günü maraqlı anlar yaşanıb, üç il əvvəl məhz Şahdağda tanış olan cütlük toy mərasimlərini qeyd etmək üçün bəyaz Şahdağ yamaclarını seçib.
   Hər il olduğu kimi, bu mövsümdə də xizək və snoubord sürmə ilə yanaşı 13 müxtəlif qış əyləncəsi də turistlərin ixtiyarına verilib. Ənənəvi əyləncələr sırasına paraplan (dağ paraşütü) xidməti də əlavə edilib. Qeyd edək ki, bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında olurlar.