İçərişəhərdəki “NUR Art House” qalereyasında tanınmış rəssam Sakit Məmmədov və onun “Opalizm” məktəbinin davamçıları olan tələbələrinin sərgisi açılıb. Tədbirdə qalereyanın direktoru, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva və digər çıxış edənlər sərgi barədə, sənət cərəyanı haqqında fikirlərini bölüşüblər.
Tədbir iştirakçıları rəssam və tələbələri ilə ünsiyyətdə olaraq “Opalizm” videomaterialı, kataloq və kitablarla da tanış olublar.
Qeyd edək ki, opalizm Əməkdar rəssam Sakit Məmmədov tərəfindən əsası qoyulmuş bir məktəb, yeni üslubdur. Opalizm üslubu - opal mineral daşından götürülüb. Qədim yunan dilində opal daşı gözqamaşdıran, latın dilində valehedici görünüş mənasını verir. Bu daş növündə insanların zövqünü oxşayan isti rəng çalarları rəssamın demək olar ki, bütün yaradıcılıq nümunələrində özünü göstərir.
Bununla sənətkar sübut etməyə çalışır ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi rənglərdən savayı yeni bir çalar icad etməyib. Opal rəssamın yumşaq yaxma ilə yaratdığı əsərlərində daş növü kimi deyil, geyimlərdə, qadın zinət əşyalarında və s. formalarda təzahür edir.
Sakit Məmmədovun yaratdığı “Opalizm” məktəbi yalnız özü deyil, rəssamın tələbələri tərəfindən də yüksək peşəkarlıqla təqdim olunur. Şübhə yoxdur ki, sənətkarın yaratdığı bu üslub gələcəkdə yetirmələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayıb-yaradan yüzlərlə, minlərlə rəssam tərəfindən də davam etdiriləcək.
Sakit Məmmədov 1983-cü ildən müxtəlif sərgilərdə iştirak edir. O, UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlar Akademiyasının akademikidir, İtaliyanın “Leonardo da Vinçi ordeni”, beynəlxalq “Vera mükafatı” (Rusiya) və başqa ölkələrin sənət mükafatlarında, təltiflərinə layiq görülüb.