Dekabrın 20-də Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin gənc rəssamı Alp Gürhan Yalçınerin karikaturalarından ibarət “Bir millət, iki dövlət” adlı sərgisinin açılışı oldu. 
   Səfirliyin dəstəyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə reallaşan sərgidə Türkiyə və Azərbaycanın xarici işlər nazirləri, digər rəsmilər, deputatlar, mədəniyyət xadimləri iştirak edirdilər.
   Sərginin açılışında çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qurumun fəaliyyəti, Azərbaycan və Türkiyə arasında tarixi-mədəni münasibətlərdən danışdı. O, türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Nə mutlu türküm deyənə” və Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının müasir dövrdə iki qardaş respublika arasında münasibətlərin məzmununu və yönünü aydın göstərdiyini bildirdi. Azərbaycan və Türkiyənin qardaşlıq əlaqələrinin bu gün iki ölkənin prezidentləri tərəfindən uğurla inkişaf etdirildiyi xüsusi vurğulandı. 
   İki ölkə arasındakı bağlılığın yaradıcı nəslə ilham verdiyini söyləyən G.Əfəndiyeva Alp Gürhan Yalçınerin “Bir millət, iki dövlət” adı altında çəkdiyi silsilə rəsmlərin belə sənət əsərlərindən olduğunu qeyd etdi.
   Sərgidə rəssamın 25 əsərinin nümayiş olunduğunu deyən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti bildirdi ki, rəsm əsərləri iki ölkənin qardaşlıq münasibətlərini təcəssüm etdirir. G.Əfəndiyeva qeyd etdi ki, təmsil etdiyi qurum bundan sonra da mədəni sahədə türk birliyinin möhkəmlənməsi naminə öz töhfəsini verməyə hazırdır.
   Mərasimdə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini dedi. Bildirdi ki, ikitərəfli əməkdaşlıq yalnız regionda deyil, onun hüdudlarından kənarda da sülh və inkişafın təmin olunmasına xidmət edir. İki ölkənin mədəni əlaqələrindən söz açan nazir ortaq türk mədəniyyətinin inkişafında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rolunu xüsusi vurğuladı, təşkilatın həyata keçirdiyi layihələrin əhəmiyyətindən söz açdı.
   Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluğunu ifadə etdi. Türkdilli ölkələr arasında mədəni əlaqələrin vacibliyini vurğulayan nazir bu istiqamətdə fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq aləmdə uğurla təmsil olunduğunu diqqətə çatdırdı. 
   Sonda gənc rəssam Alp Gürhan Yalçıner çıxış edərək iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərini uşaqların gözü ilə rəsm əsərlərində göstərməyə çalışdığını bildirdi və yaradıcılığına göstərilən diqqətə görə sərginin təşkilatçılarına təşəkkürünü ifadə etdi.
   
   Lalə Azəri