“Kommersant Denqi” nəşri qonşu ölkədən Azərbaycana turist axını haqqında 
   
   Böhran illəri rusiyalı turistləri səyahət üçün yeni, maksimum aşağı büdcəli istiqamətlər axtarmağa məcbur edib. Hazırda rusiyalı turistlərin daha bir favoriti - Azərbaycan meydana çıxıb. Bu barədə həftəlik “Kommersant Denqi” qəzeti yazır.   
   Nəşr yaxın xarici ölkələrin Rusiyadan olan səyahətçiləri nə ilə cəlb etdiyinə aydınlıq gətirib.
   “Skyscanner”in məlumatına görə, Yeni il bayramı günlərində səfərlər üçün top-20 istiqamətinə üç yaxın xarici ölkə daxildir: ümumi siyahıda Gürcüstan 8-ci, Azərbaycan 10-cu yerdədir. Şirkətin inkişaf üzrə Rusiyada meneceri Dmitri Xavanski bu yaxınlarda Gürcüstanın və Azərbaycanın siyahıda yerlərini dəyişəcəyini istisna etmir. O deyib: “Bir çox səyahətçilər Tbilisidə olublar və indi özləri üçün Bakını kəşf edirlər. Bundan əlavə, Azərbaycana uçuşlar rusiyalılar üçün daha əlçatandır”.
   Oxşar hesablamalar “Momondo” axtarış saytında da yer alır. Xidmətin nümayəndəsi İrina Ryabovolun sözlərinə görə, Azərbaycan 2015-ci ildən öz sıçrayışlı artımını 141 faizlə göstərib. O deyib: “Hazırda ölkə populyarlığına görə postsovet məkanı istiqaməti üzrə 4-cü yerdədir. Lakin bizim proqnozlara əsasən, 2018-ci ildə 2-ci yerə yüksələcək”.
   “OneTwoTrip” şirkətinin inkişaf üzrə direktoru Arkadi Gines qeyd edib ki, Bakıya aviabiletlərin Yeni il günləri üçün satışı il ərzində 70 faiz artıb. Bu, əsasən, uçuşun qiymətinin analoji dövrdə 27 faiz - 13 min rubladək aşağı salınması fonunda baş verib. Rusiya FTX sərhəd xidmətinin məlumatında bildirilir ki, son 4 il ərzində Azərbaycana turist səfərlərinin sayı 18 faiz artıb. Nəzərəçarpan pozitiv dinamika bu il də qorunub saxlanılır. İlin birinci yarısında Azərbaycana 59 faiz çox səyahətçi yollanıb.