Dünya 2018-ci ili necə qarşıladı?
   
   2018-ci təqvim ilinin beşinci gününü yaşayırıq. Ölkələr var ki, yeni ilin ilk iş həftəsini başa vurur, ölkələr də var ki, hələ bayram tətilini davam etdirir. Amma bütün hallarda hamı hələ yeni ilin əhvalını yaşayır. Bu arada xəbər lentini izləyincə elə zənn edirsən ki, sanki ölkələr, şəhərlər arasında qeyri-rəsmi "kim 2018-ci ili daha möhtəşəm qarşılayıb” deyə yarış keçirilibmiş. Üstəlik, ilin son saatının bitdiyini bildirən zəng səsləri müxtəlif vaxtlarda eşidildiyindən baş verənləri izləmək asan olub...    
   Yer planetində 2018-ci ili hər kəsdən öncə Avstraliya, Cənubi Koreya, Çin, Yaponiya və Okeaniya ölkələri qarşılayıblar. Daha dəqiqi, yeni ili birinci qarşılayan Okeaniyadakı Milad adaları qrupuna daxil olan Kiritimati adasının və Nukualofa (Tonqa krallığı) şəhərinin sakinləridir. Bakıda dekabrın 31-i saat 14-də onlar artıq bir-birlərini təbrik ediblər. 
   2018-ci ilin şərəfinə hazırlanmış ən təmtəraqlı atəşfəşanlıq da elə o tərəflərin payına düşüb. Avstraliyanın ən böyük şəhərlərindən olan Sidneydə fişəng şousuna tamaşa etmək istəyənlər ən yaxşı yerləri tamaşa başlanmazdan 40 (!) saat əvvəl tutublar, hərçənd atəşfəşanlıq şəhərdən 20 km aralıdan da görünürmüş. Yeni il Avstraliya ərazisinə Bakı vaxtı ilə 31 dekabr saat 16.30-da qədəm qoyub.
   Yaponiya və Koreya əhalisi təzə ili bizim vaxtla saat 19-da qarşılayıb. Lakin yaponlar Yeni ilin gəlişini gecəyarı yox, yanvarın 1-də qeyd edirlər. Görünür, oralarda da "axşamın xeyirindən sabahın şəri yaxşıdır" sayaq inanc var. 
   Saat 21-də İndoneziya və Cənub-Şərqi Asiya köhnə ilə vida deyib. Yeri gəlmişkən, 2018-ci ilin gəlişi bir çox indoneziyalı üçün əlamətdar olub. Gecəyarısına bir neçə dəqiqə qalmış ölkədə təxminən beş yüz yeni ailənin təməli qoyulub. Hökumət dairələri toy mərasimi düzənləməyə imkanı çatmayan cütlüklər üçün kütləvi toy çaldırıb. 
   Burada ailə xoşbəxtliyi arzulanmaqda ikən, 2018-ci il yavaş-yavaş qonşumuz Rusiyanın ərazisi ilə irəliləməyə başlayıb. Bakıda saatlar 22-ni göstərəndə Banqladeş, Hindistan, Şri-Lanka təzə ili qarşılayıb. Pakistan, Özbəkistan, Türkmənistan, Qırğızıstan onlardan bir saat sonra, bizdən isə bir saat əvvəl 2018-ə "xoş gəldin!" deyib.
   Bir saat sonra biz artıq Bakı bulvarındakı atəşfəşanlığı ya canlı, ya da mavi ekranda seyr edib təzə ilin ilk saatını yaşayarkən Şərqi Asiya, Afrikanın bir qismi, Rusiyanın Avropa hissəsi də yeni ili qarşılayıb.
   Yadımızdan çıxmamış deyək ki, Dubaydakı Yeni il bayramı artıq “Ginnesin rekordlar kitabı”ndadır. Dünyanın ən uca tikilisi Bürc əl-Xəlifənin önündə 2009 və 2014-cü illərdə keçirilmiş atəşfəşanlıq bu kitabın səhifələrinə yazılıb. 
   Daha bir saat keçmiş Ukrayna, Rumıniya, Polşa, Macarıstan, Çexiya, Yunanıstan, Türkiyə, İsrail, Finlandiya yeni il marafonuna qoşulub. 
   Avropada bayramı açıq havada qarşılamaq istəyən az olmayıb. Parisdə bayram gecəsi piyada zolağına çevrilən Yelisey çölündə diskoteka təşkil edilib. Berlində Brandenburq darvazasının önündəki "Xoş gəlirsən, 2018-ci il!" adlı faer-şouya minlərlə sakin toplaşıb. 
   Türkiyədə bayram axşamı qan qaraldacaq hadisələr baş verməsin deyə, ciddi təhlükəsizlik tədbirləri görülüb. İstanbul Yeni ili xüsusi bayram tədbirləri ilə qarşılamasa da, adamlar Taksim meydanına və Nişantaşına gedərək, bərq vuran şəhər işıqlarının fonunda gəzişib foto çəkdirməklə 2018-i qarşılayıblar. 
   Bakı vaxtı ilə səhər saat 4-də Böyük Britaniya və Portuqaliyanı geridə qoyan təzə il okeanın o tayına yollanıb. Azərbaycanda 2018-ci ilin ilk səhəri açılmaqda ikən, səhər 6-da Braziliya, Argentina Yeni il şərəfinə badə qaldırıb. Rio-de Janeyro məşhur Kopakabana çimərliyində 17 dəqiqəlik atəşfəşanlıq və kütləvi rəqslə təzə ili qarşılayıb. 
   İki saat sonra Kanada, Karib hövzəsi, ABŞ 2018-ə qovuşublar. Nyu-York üçün anomal şaxtaya (-15) baxmayaraq, Tayms-skverə təxminən bir milyon adam yığışıb. Onların qarşısında Meray Keri, Nik Daymond kimi məşhurlar konsert proqramı ilə çıxış ediblər. 
   Yer üzündə Yeni ilin gəlişini ən son qarşılayanlar isə Samoa sakinləridir. Bakı vaxtı ilə yanvarın 1-də saat 15-də Yeni il dünyanı səyahətinin son dayanacağına çatıb. 
   Bu yerdə bizə nə demək qalır? Qədəmlərin mübarək, 2018! 
   
   G.Mirməmməd