Almaniyanın Frankfurt şəhərindəki İkonalar Muzeyində “Hessen şahzadələri Rusiya tarixində” adlı sərgi açılıb. Rusiya və Almaniyanın birgə layihəsi olan sərgi “Elizabet-Segiyevski Maarifləndirmə Fondu” və Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi, “ROSİZO” Dövlət Muzey-Sərgi Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Sərginin açılışında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov tədbiri mədəniyyətlərarası dialoqun inkişafı üçün mühüm addım kimi dəyərləndirib.
Məlumat verilib ki, layihə Rusiyanın ictimai-mədəni həyatında xidmətləri olan Hessen şahzadələrinə (imperator I Pavelin həyat yoldaşı Natalya Alekseyevna, II Aleksandrın xanımı Mariya Aleksandrovna və s.) həsr olunub.
Sərgidə Sankt-Peterburq Ermitaj, “Pavlovsk”, “Çarskoe selo”, “Peterqof” və digər muzeylərin unikal kolleksiyalarından şahzadələrə aid sənədlər, fotoşəkillər, rəsm əsərləri, şəxsi əşyalardan ibarət qiymətli eksponatlar nümayiş olunur.
Rus incəsənətinin simvolu sayılan Tretyakov Qalereyası və Dövlət Tarix Muzeyinin eksponatları sərgidə xüsusilə seçilir. Bir çox eksponatlar isə Rusiya və Almaniyanın şəxsi kolleksiyaçıları tərəfindən təqdim edilib.
Layihədə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi də təmsil olunur. Sərgidə muzeyin fondundan Yelizaveta Fyodorovnanın iki portreti nümayiş etdirilir. Müəllifləri alman rəssamı F.Kaulbax və fransız fırça ustası Jan Jozef Benjamen Konstan olan hər iki əsər muzeyin kolleksiyasına 1936-cı ildə daxil olub.
Qeyd edək ki, sərgi fevralın 26-dək davam edəcək.
Lalə