Avropada ən kiçik paytaxt şəhəri olan Valletta hər tərəfdən qədim qala divarları ilə əhatə olunub və bu şəhərin zəngin tarixi keçmişi maraqlı əhvalatlarla doludur.
Malta paytaxtının əsası orta əsr cəngavərləri tərəfindən qoyulub, lakin əsrlər boyu bu adanı istila etmiş müxtəlif xalqların və dövlətlərin təsiri altında formalaşıb. UNESCO şəhərin mədəni əhəmiyyətini nəzərə alaraq onu 1980-ci ildə Dünya irsi siyahısına daxil edib. Maltanın mənzərəli paytaxtının fotogenikliyini təsdiqləyən bir fakt da ondan ibarətdir ki, Hollivud Vallettada vaxtaşırı kino çəkilişləri aparır. Kruiz turistləri də bu şəhərə üstünlük verirlər.
Avropa İttifaqı Vallettanın 2018-ci ildə “Avropanın mədəniyyət paytaxtı” nominasiyasına daxil olunmasını elan edəndə hakimiyyət orqanları bu şansı əldən vermədilər. “Mədəniyyət ili” proqramının hazırlanması ilə məşğul olan “Valletta-2018” fondunun təşkilat komitəsinin rəhbəri Ceyson Mikalef deyib: “1964-cü ildə Malta müstəqillik əldə etdiyi vaxtdan bu yana şəhərin yenilənməsi üçün ən böyük məbləğdə investisiya ayrılmasını təmin etmişik”. Onun sözlərinə görə, 2013-cü ildən bəri müxtəlif layihələr üçün 50 milyon avrodan çox, o cümlədən mədəni ehtiyaclar üçün 10 milyon avro sərf edilib.
Malta sakinləri Vallettanın “Avropanın mədəniyyət paytaxtı” hüquqlarından istifadə etməyə başlamasını qürurla gözləyirlər. Rəsmi açılış mərasimi yanvarın 20-nə planlaşdırılıb. Lakin narahat səslər də eşidilir. Tənqidçilərin fikrincə, proqrama kuratorluq edən insanlar əslində mədəniyyət sahəsindən uzaqdırlar və onların əsas məqsədi 2018-ci ildə bu adaya daha çox turist cəlb etməkdir.
Avropa İttifaqı Maltaya proqramla əlaqədar tövsiyələrini bildirib: elə etmək lazımdır ki, bu proqramın səmərəsi 2018-ci ildən sonra da hiss edilsin. Mədəniyyət paytaxtı funksiyalarının icrası ilə əlaqədar cəlb edilən əlavə maliyyə vəsaiti, bir qayda olaraq şəhərin mədəniyyət müəssisələrinin vəziyyətini xeyli yaxşılaşdırmağa imkan verir.
“Avropanın mədəniyyət paytaxtı” titulu 1985-ci ildən bəri Avropa şəhərlərinə verilir. 2004-cü ildən etibarən bu missiyanı eyni vaxtda iki şəhər yerinə yetirir. 2018-ci ildə Maltanın Valletta şəhəri ilə bərabər Niderlandın Leuvarden şəhəri də bu adı daşıyacaq.