Məlik Məmmədxanovun fərdi sərgisinin açılışı keçirildi
Yanvarın 16-da Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Məlik Məmmədxanovun fərdi sərgisinin açılışı oldu.
ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək bir vaxtlar dərs dediyi universitetdə tələbəsi olmuş M.Məmmədxanovun sərgisinin açılışından məmnunluq duyduğunu dilə gətirdi. O, rəssamın realizm ənənələrinə sadiqliyini, bu yola istedadının bütün imkanlarını həsr etdiyini vurğuladı.
Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov rəssamın yaradıcılıq yolunun özünəməxsusluğundan, onun müxtəlif sərgi və müsabiqələrdə fəal iştirakından söz açdı.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev M.Məmmədxanovun realizm cərəyanına bağlılığını yüksək dəyərləndirdi.
ARİ-nin katibi Rafiq Kərimov, Xalq rəssamı Qəyyur Yunus həmkarları haqqında ürək sözlərini söylədilər, ona yeni yaradıcılıq uğurları dilədilər.
Sonda M.Məmmədxanov sərgiyə gələn tamaşaçılara sayğısını bildirdi.
Qeyd edək ki, sərgidə rəssamın 50-dən çox rəngkarlıq, qrafika və heykəltəraşlıq əsəri nümayiş olunur. “Valeh”, “Əlağa” və başqa qrafik portretləri, “Sübh çağı”, “Bakı narları”, “Həyətimizin narları”, “Narlar palaz üzərində”, “Rənglər aləmi”, “Ağ qızılgüllər”, “Yasəmən”, “Nar ilə üzüm”, “Quru balıqlar”, “Balıqlar məcməi ilə”, “Pəncərədən həyətimiz”, “Suraxanı xalçası”, “Nəzrin”, “Mübariz” və s. rəngkarlıq əsərləri, eləcə də “Zaur”, “Gənc oğlanın heykəli” adlı heykəltəraşlıq nümunələri sənətsevərlərə təqdim olunur.
Məlik Məmmədxanov 1962-ci ildə Bakı şəhərində anadan olub. İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii qrafika fakültəsini bitirib, bir neçə fərdi sərgisi keçirilib.
Sərgi bir həftə davam edəcək.
S.Qaliboğlu