20 Yanvar mövzusunda müsabiqəyə yekun vurulub
   
   Yanvarın 18-də Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun tədbiri keçirilib. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. 
   Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digər çıxış edənlər bu cür müsabiqələrin əhəmiyyətindən söz açıblar. 
   Məlumat verilib ki, 15 yaşa qədər uşaq və yeniyetmələr arasında keçirilən sənət yarışmasına 300-ə yaxın uşaq 400-dən çox əsəri ilə qatılıb. Yekun sərgidə 110-dək uşağın əl işləri nümayiş olunur.
   Layihənin məqsədi xalqımızın azadlıq mübarizəsinin parlaq səhifələrindən olan 1990-cı ilin 20 yanvar hadisələrini, xalqımızın nümayiş etdirdiyi vətən, torpaq, azadlıq eşqini bir daha xatırlamaq, gələcək nəsillərə ötürməkdir.
   Sonra müsabiqədə fərqlənənlərə diplom və fəxri fərmanlar təqdim edilib. Tədbir iştirakçıları sərgilənən əl işləri ilə tanış olublar.
   Qeyd edək ki, müsabiqədə paytaxtın müxtəlif rayonlarının, eləcə də Sumqayıt, Gəncə, Goranboy, Lənkəran bölgələrinin məktəbliləri xüsusi fəallıq göstəriblər.