Azərbaycan Milli İncəsənət Muzeyində də 20 Yanvarın ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
28 il əvvəl baş vermiş qanlı hadisələrin müzakirəsinə həsr olunmuş dəyirmi masada çıxış edən tarixçi Rizvan Hüseynov 20 Yanvarın Azərbaycan xalqı üçün təkcə faciə deyil, ləyaqətini qorumaq üçün canını qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifə kimi yüksək qiymətləndirib, bu günü milli azadlıq hərəkatının zirvəsi adlandırıb. O, Azərbaycan tarixinin qanlı yaddaşı ilə bağlı tələbələrin suallarını cavablandırıb.
Muzeydə uşaqların maariflənməsi məqsədilə 6 saylı tam orta məktəbin şagirdlərinə “Qanlı qərənfil” adlı ustad dərsi keçirilib. Şagirdlər Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin “Sülhə çağırış” mövzusunda çəkilmiş rəsm əsərləri və öz həmyaşıdlarının yazdıqları esselərlə də tanış olublar.