Yanvarın 22-si Azərbaycan peşəkar realist rəssamlığının banisi Bəhruz Kəngərlinin (1892-1922) doğum günü idi. Bu tarix Azərbaycan rəssamları, o cümlədən Naxçıvanda yaşayan təsviri sənət ustaları üçün çox əzizdir. 
   Naxçıvan Rəssamlar Birliyinin üzvləri Bəhruz Kəngərlinin anadan olmasının 126-cı ildönümü münasibətilə sənətkarın adını daşıyan, iki il öncə istifadəyə verilmiş Rəssamlar parkında onun heykəli önünə güllər qoyub və açıq səma altında rəssama ithaf olunmuş sərgi keçiriblər. Tədbirdə Azərbaycan Rəssamlar İttifaqına yeni qəbul olunan Qəhrəman Tağıyev, Səriyyə Hüseynova, Nəsrulla Musayev, Fizzə Quliyeva və Elnurə Orucovaya üzvlük vəsiqələri təqdim edilib. 
   Bildirək ki, 2002-ci ildə Naxçıvanda Bəhruz Kəngərli Muzeyi yaradılıb. Onun Azərbaycan Milli İncəsənət Muzeyində saxlanan 195 əsərinin surəti çıxarılaraq muzeyə verilib. Rəssamın əsərlərindən ibarət albom-kataloq hazırlanıb, məzarüstü abidəsi abadlaşdırılıb, poçt markası buraxılıb, adını daşıyan sərgi salonunda əsərləri nümayiş etdirilir.
   
   S.Qaliboğlu