Misirdə, Cizzə ehramlar kompleksi rayonunda Qədim Misir fironu II Ramzesin nəhəng heykəlinin 400 metr məsafəyə köçürülməsinə başlanılıb. Yerli KİV-lərin yaydığı xəbərə görə, heykəl tikilməkdə olan Böyük Misir Muzeyinin vestibülündə qoyulacaq. Bu il Böyük Misir Muzeyinin birinci növbəsinin açılışı planlaşdırılır.
Qədim heykəlin daşınması rəsmi geyimli atlıların müşayiəti ilə təntənəli şəraitdə keçir. Mürəkkəb texniki əməliyyata təntənəli mərasimə dəvət edilmiş ictimai xadimlər, diplomatlar və jurnalistlər tamaşa edirlər. Çəhrayı qranitdən yonulmuş, çəkisi 83 ton olan 11 metrlik heykəlin yaşı 3 min ildən çoxdur. Qədim abidəni zədələməmək üçün onu möhkəm bərkidilmiş xüsusi qoşquların köməyi ilə üfüqi vəziyyətdə daşıyırlar.