26 yanvar. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Zirvəyə doğru” adlı konsert proqramı. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli musiqi məktəbinin fortepiano şöbəsinin 4-cü sinif şagirdi, Prezident təqaüdçüsü, beynəlxalq və respublika müsabiqələri laureatı Cəmil Sədizadə səhnəyə çıxacaq. Bu gün onun solo konsertidir və 10 yaşlı pianoçunu Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
   Konsert öncəsi Cəmilin təhsil aldığı məktəbin müəllimi, Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədova da, valideynləri də çox həyəcanlı görünürlər. Nəhayət, səbirsizliklə gözlənilən 3-cü zəng çalınır. Aparıcı yeniyetmə istedadı səhnəyə dəvət edir. Alqış sədaları ilə o, fortepianonun arxasına keçir və əsl həyəcan bundan sonra başlanır...
   Bu qış axşamında Cəmil öz qəlbinin hərarəti ilə notları necə isitmişdisə, alət bütünlüklə ona təslim olmuşdu. 10 yaşlı bir uşağın tamaşaçı, səhnə və musiqini bir arada hiss etməsi, əsərlərə özünəməxsus yanaşması, piano arxasında sərbəstliyi bütün zalı heyran qoymuşdu. O, sanki barmaqlarının məharəti ilə “mən sənətin ən yüksək zirvəsinə doğru addımlamağa iddialıyam” mesajını hər kəsə çatdırmaq istəyirdi. F.Şopen, L.V.Bethoven, Q.Qarayev, İ.Bramsın əsərlərinin hər bir notu, hər bir qammasına onun özünəməxsus yanaşması hiss olunurdu. 
   Cəmil 2015-ci ildən başlayaraq öz uğurları ilə diqqət çəkib. Həmin ildə o, Estoniya və Bolqarıstanda keçirilən müsabiqələrdə birinci yeri tutub. 2016-cı ildə İspaniyada bu uğurunu təkrarlayıb, 2017-ci ildə Moskvada diplomant, həmin il Tbilisidə Gənc pianoçuların VII Beynəlxalq müsabiqəsində birinciliyi əldə edib. 
   Ötən il Bakıda keçirilən Gənc pianoçuların III Respublika müsabiqəsində birincilik qazanan musiqiçi daha böyük uğura isə may ayında Kreml Sarayında V Beynəlxalq uşaq musiqi festivalında nail olub. “Nəsillərin melodiyası” devizi altında keçirilən festivalda doqquz ölkəni təmsil edən gənc musiqiçilər Rusiya Prezident Orkestrinin müşayiəti ilə çıxış edirdilər. Cəmil Sədizadə Bethovenin “Fortepiano ilə orkestr üçün konsert”ini böyük şövqlə səsləndirərək tamaşaçıların rəğbətini qazanıb. 
   Bu uğurlarına görə Cəmil ötən ilin iyul ayında dövlət başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. 
   Müəllimi Tamilla xanım şagirdinin uğurlarından danışarkən bildirdi ki, Cəmilin istedadını gördükdə onunla proqramdan kənar məşğul olmağa başlayıb. 4 il ərzində böyük nailiyyətlər qazanan şagirdi onu çox sevindirir və bugünkü konsertin keçirilməsi ideyası da onun repertuarının yetərincə zənginləşməsindən sonra yaranıb. 
   50 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olan Tamilla xanım yetirməsinin ifasını zalın ən son sırasından dinləyirdi. Balaca musiqiçi həssas barmaqları ilə zalı özünə ram etsə də, müəllimi sanki bütün konsert boyu hədsiz həyəcan içində onunla birlikdə ifa edirdi. 
   Bu gecə Cəmilin ifası konsertə gələn hər bir tamaşaçıda xoş əhval yarada bildi. İnanırıq ki, onun zirvəyə doğru yolçuluğunda ən böyük uğurları hələ qarşıdadır.
   
   Lalə Azəri