Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda Gənclər günü münasibətilə gənc rəssamların əsərlərindən ibarət ənənəvi sərginin açılışı keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rəssamlar İttifaqının birgə layihəsi olan sərgidə gənclər böyük həvəslə iştirak edirdilər. 
   Tədbiri giriş sözüylə açan ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov artıq 20 ildən çoxdur bu əlamətdar günlə bağlı ənənəvi sərginin keçirildiyini söylədi. O, gəncliyimizin təsviri sənətdə böyük yaradıcılıq potensialının olduğunu, bunu gerçəkləşdirmək üçün onlara gərəkən şəraitin yaradıldığını bildirdi. Sədr gələcəkdə gənclər arasından istedadlı fırça ustalarının çıxacağına ümidvar olduğunu dedi. Belə sərgilərin gənclərə dəstək məqsədi daşıdığını bildirən F.Xəlilov onlara yaradıcılıq uğurları dilədi. 
   Gənclər və idman nazirinin müavini İntiqam Babayev illərdir ölkəmizdə keçirilən bu əlamətdar günün gənclərin həyatında böyük rol oynadığını bildirdi. Onun sözlərinə görə, il boyu ölkəmizdə gənclərlə bağlı müxtəlif tədbirlər keçirilir. Məqsəd gəncliyin böyük ideallar üzərində köklənməsinə yardımçı olmaqdır. Nazir müavini gənclərlə bağlı həyata keçirilən dövlət proqramlarından, onların ölkəmizin həyatındakı fəal iştirakından söz açdı. 
   ARİ-nin Gənclər bölməsinin sədri Tahir Məmmədov və Xalq rəssamı Arif Hüseynov sərgi iştirakçılarını bayram münasibətilə təbrik etdilər, onların yaradıcı inkişafı üçün göstərilən qayğıdan danışdılar.
   Bu yaxında ARİ-yə üzv qəbul edilən gənclərin bir qisminə üzvlük vəsiqəsi verildikdən sonra sərginin açılışı oldu. 
   Sərgidə 100-dən çox gənc rəssamın 200-ə yaxın əl işi yer alıb. Burada gənclərin ürəklə yaratdığı rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət örnəkləri nümayiş etdirilir.
   Sərgi bir həftə davam edəcək.
   
   S.Qaliboğlu