Fevralın 19-da Heydər Əliyev Sarayında 2005-2017-ci illərdə keçirilmiş muğam televiziya müsabiqələri qaliblərinin konserti oldu.
Sarayın foyesində ab-havadan hiss olunurdu ki, bu konsert proqramını həm tamaşaçılar, həm də ifaçılar çoxdan gözləyirmiş. Səhnənin arxasında isə həyəcan və sevinc bir-birinə qarışmışdı. Çünki keçirilən muğam müsabiqələrində xalq tərəfindən tanınan, sevilən ifaçılar bu gün yenə ilk səhnəyə çıxdıqları anları sanki təzədən yaşayacaqdılar...
Konsert proqramı Azərbaycan Televiziyasının fondunda qorunan, bu günə kimi keçirilən muğam müsabiqələrinin arxiv materiallarından ibarət videoçarxın nümayişi ilə başlandı. Videoda müxtəlif illərdə dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın muğam ustadları, müsabiqə qalibləri ilə görüşləri əks olunmuşdu.
2005-ci ildə keçirilən ilk müsabiqənin birincisi, hazırda Azərbaycan Milli Konservatoriyasının müəllimi, Əməkdar artist Təyyar Bayramov konsert öncəsi səhnəyə çıxıb bu gün əlamətdar hadisənin yaşandığını bildirdi, bütün iştirakçılara uğurlar arzuladı.
Müsabiqənin daha bir qalibi, Əməkdar artist Babək Niftəliyev də səhnəyə çıxışını səbirsizliklə gözləyir. Bu anda fürsət tapıb onun fikirlərini öyrənirik. Konsertin təşkilatçılarına təşəkkürünü bildirən xanəndə proqrama daxil edilən muğam və təsniflərin də xüsusi seçildiyini diqqətə çatdırır. Muğam müsabiqələrinin gənclərin həyatında böyük əhəmiyyət kəsb etdiyini vurğulayır, vaxtilə yaşadığı sənət sevincini xatırlayır.
Nəhayət, gözlənilən əsas məqam yetdi. Xanəndələr İlkin Əhmədov, Babək Niftəliyev və Təyyar Bayramov rəngarəng ifaları ilə muğam soraqlı tamaşaçılara əsl musiqi zövqü yaşatdılar. Onlar sanki yenə də yarışmaq üçün səhnəyə çıxmışdılar. Möhtəşəm söz, qəzəl deyişmələri, böyük ürək və coşqu ilə ifa edilən muğam və təsniflərdən ibarət duetlər muğam sənətinin necə zəngin, tükənməz bir ümman olduğuna işarə idi. Əlağa Vahid, Hacıbaba Hüseynovun muğam sənətinə həsr edilən qəzəllərinin bədii qiraəti isə muğam və qəzəlin vəhdətini bir daha bəyan edirdi.
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə 2005-ci ildən ənənəvi olaraq keçirilən muğam televiziya müsabiqəsi milli musiqimizin təbliğində mühüm rol oynayır. Müsabiqənin bir çox iştirakçı və qalibi bu gün Azərbaycanın musiqi mədəniyyətini ölkəmizdə, onun hüdudlarından kənarda layiqincə təmsil edirlər. Bu da ölkəmizdə muğam sənətinin qorunub inkişaf etdirilməsinə göstərilən qayğının bariz nümunəsidir.
Qeyd edək ki, növbəti Muğam televiziya müsabiqəsinin 2019-cu ildə keçirilməsi nəzərdə tutulur.
Lalə Azəri