Sənət bayramının açılışı münasibətilə möhtəşəm konsert proqramı təqdim edildi
   
   Ölkəmiz növbəti muğam sənəti bayramına ev sahibliyi edir. 2009-cu ildə əsası qoyulan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının beşincisi martın 7-də başlandı. Festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilir.   
   Heydər Əliyev Sarayında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının açılışı münasibətilə geniş konsert proqramı təqdim edildi. Gecədə dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdi.
   Konsertdən əvvəl jurnalistlərə müsahibə verən görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyev festivalın əhəmiyyətindən danışdı. Bildirdi ki, muğam sənətinin qorunaraq gələcək nəsillərə ötürülməsində bu festivalın böyük əhəmiyyəti var. Birinci vitse-prezident Mehriban Əliyevanın muğam sənətinə və bu sahədə çalışan sənətkarlara göstərdiyi diqqət və qayğıdan söz açan Xalq artisti tədbirin təşkilatçılarına belə bir gözəl muğam bayramının təşkilinə görə təşəkkürünü ifadə etdi. 
   Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi festivalın Azərbaycan muğamının qorunması və təbliğində müstəsna rol oynadığını söylədi. Bildirdi ki, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir. Müxtəlif ölkələrdən gəlmiş muğam ustalarının çıxışları muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların ənənələrini birləşdirən bir incəsənət növü olduğunu bir daha sübut edir. Muğam tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə yeni bir səviyyəyə yüksəlib. Muğam sənətimizin belə bir mövqe tutmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz əməyi var. Azərbaycan muğamının, aşıq, xalçaçılıq, tar ifaçılığı, kəlağayı sənəti və mədəni irsimizin digər qiymətli nümunələrinin UNESCO-nun siyahılarına daxil edilməsi bu zəngin irsin qorunmasına, təbliğinə göstərilən diqqət və qayğının təzahürüdür. 
   Heydər Əliyev Sarayının səhnəsində Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri əsl sənət nümunələrinin təqdiminə hazır idi. Zövqlə tərtib edilmiş proqramda ilk olaraq tanınmış cazmen Emil Əfrasiyabın ifasında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Fa major” prelüdünə caz improvizasiya təqdim edildi. Sonra orkestrin ifasında daha bir şedevrin - Fikrət Əmirovun “Kürd ovşarı”nın sədası zalı bürüdü. Bu harmonik musiqi keçidində əməkdar artistlər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança) və Çinarə Heydərovanın (kanon) mükəmməl ifası musiqili gecənin iştirakçılarının könlünü oxşadı. 
   Gecə boyunca Müslüm Maqomayevin “Nərgiz” operasından ariya, Q.Qarayev və C.Hacıyevin “Vətən” operasından ariya, xalq mahnıları “Laçın”, “Qaragilə”, Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasından parçalar musiqisevərlərə unudulmaz anlar yaşatdı. 
   Bakı Xoreoqrafiya Akademiyası şagirdlərinin ifası, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər - Xalq artisti Ağaverdi Paşayev, baletmeyster - Xalq artisti Cəmilə Bayramova) çıxışları alqışlarla qarşılandı. Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər - Xalq artisti Gülbacı İmanova) ifasında səslənən Firəngiz Əlizadənin “Nəsimi” passionundan parça isə tamaşaçıları sanki əsrlər öncəyə apardı. 
   Muğam sənətimiz, bəstəkarlarımızın simfonik əsərləri, xalq mahnıları, caz, aşıq havaları və bəstəkar mahnılarından ibarət proqram Azərbaycan musiqisinin möhtəşəmliyini bir daha nümayiş etdirdi. Qeyd edək ki, festivalın açılış konsertinin ideya müəllifi Xalq artisti Firəngiz Əlizadədir.
   Rəngarəng proqram həm də qarşıdakı günlər ərzində “Muğam aləmi” festivalının tamaşaçılara unudulmaz anlar yaşadacağının göstəricisi idi. 
   
   Lalə Azəri