Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) qrant layihəsi çərçivəsində muğama dair iki monoqrafiya nəşr olunub.
   Fonddan bildiriblər ki, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Muğam fəlsəfəsi” monoqrafiyasında muğamla fəlsəfi cərəyanlar, xüsusilə təsəvvüf arasında müqayisələr aparılır. Muğamın milli düşüncə tarixi ilə paralel tədqiq edilməsi milli təfəkkürün bir sıra əhəmiyyətli məqamlarına da aydınlıq gətirilir. Tədqiqatda, həmçinin muğamın multikultural mahiyyəti araşdırılır. 
   Sevil Fərhadovanın “Azərbaycan muğam-dəsgahının tarixi kökləri” monoqrafiyası (rus dilində) isə muğamın yaranma tarixini və onun genezisini açıqlayan fənlərarası tədqiqat işinin nəticələri əsasında yazılıb. Monoqrafiyada “muğam” sözünün etimologiyası, həmçinin tədqiqat predmetinin özü yeni səpkidə interpretasiya edilir. Kitabda muğam-dəsgahının konseptual məzmunu ilə bağlı bir çox suallara Azərbaycan mədəniyyət irsinin bütün sahələrində geniş təqdim edilmiş həndəsə və rəqəmin konseptuallığı ilə də aydınlıq gətirilir.
   Monoqrafiyalar fəlsəfə, musiqişünaslıq, kulturologiya, incəsənət, psixologiya, fenomenologiya və digər elm sahələrinin mütəxəssisləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
   Nəşrlərin “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ərəfəsində işıq üzü görməsi xüsusi əhəmiyyət daşıyır.