Bakıdakı Heydər Əliyev Mərkəzinin parkında dünyaca məşhur fotoqraf Reza Deqatinin “Bəşəriyyət. Vizual səyahətə dəvət” adlı fərdi sərgisi açılıb.
Reza Deqatinin əsərləri son illər Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə təqdim edilib. Fotoqrafın 2013-cü ildə Parisdə, UNESCO-nun mənzil-qərargahında açılan “Azərbaycan - tolerantlıq məkanı” adlı sərgisi daha sonra Moskvada, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, Brüsseldə - Avropa Parlamentində nümayiş olunub. 2014-cü ildə isə Parisdə Reza Deqatinin “Azərbaycan - alovun zərifliyi” sərgisi keçirilib.
Heydər Əliyev Mərkəzinin parkında sərginin açılmasından çox şad olduğunu bildirən fotoqraf qeyd edib ki, insan dünyanın, təbiətin gözəlliyini görməsə, bəşəriyyətə nə üçün kömək etməli olduğunu bilməyəcək. Dünyada bütün varlıqlar - insanlar, digər canlılar, bitkilər bir-birinə bağlıdır və vəhdət təşkil edir. Azərbaycana ilk dəfə 1987-ci ildə gələn fotoqraf ölkəmizin ən üstün cəhətlərindən biri kimi tarixi tolerantlıq mühitini qeyd edib: “Bu, dünya sərgimdir. Bir aydan sonra Heydər Əliyev Mərkəzində Azərbaycana aid əsərlərim sərgilənəcək”.
Sərgidə müəllifin Azərbaycan, Fransa, Misir, Türkiyə, Çin, Əfqanıstan və digər ölkələrdə çəkdiyi 60-dək fotosu nümayiş olunur. Bu fotolar müxtəlif ölkələrdə ayrı-ayrı mədəniyyətlərə, talelərə sahib olan insanların hekayələrini, onların hislərini əks etdirir.