Mayın 21-də Bakıdakı 1 nömrəli Tibb Kollecində Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanovun rus dilində nəşr olunan "Sevgi mətbəxi" ("Kuxnya lyubvi") kitabının təqdimatı olub. Kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap edilib.
Tədbirdə çıxış edən Tahir Əmiraslanov nəşrdə qida fiziologiyasının dərin incəlikləri haqqında həm tibbi, həm də fəlsəfi yanaşmalarla ətraflı şərhlərin yer aldığını bildirib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı kitabda həyati vacib qida maddələrinin orqanizm üçün əhəmiyyəti, xörəklərin emal qaydalarından asılı olaraq onların orqanizmə faydası və zərəri barədə geniş məlumat verildiyini qeyd edib.
Kollecin direktoru, tibb elmləri doktoru, professor Nəriman Mövsümov, Əməkdar müəllim İbrahim Əhmədov və başqaları kitabın əhəmiyyətindən, dərs vəsaiti kimi yüksək dəyərindən söz açıblar.
Sonda kollecin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.