İyulun 1-də Xətai Sənət Mərkəzində rəssam Həsən Həsənovun və tələbəsi Nisə Əkbərovanın “İki dünya” adlı duet sərgisi açılıb.
Mərkəzin direktoru Zahid Əvəzov sərginin müəllifləri haqqında məlumat verib. Bildirib ki, sərgidə Həsən Həsənovun əsasən impressionist, avanqard və qarışıq texnikada çəkdiyi əsərlər, həmçinin “Abşeron bağları” silsiləsindən bir neçə etüdü nümayiş olunur.
Rəssamın tələbəsi, 2001-ci il təvəllüdlü Nisə Əkbərovanın sənət təxəyyülünün nəticəsi olan “Əhval”, “Ürək və kosmos” və s. əsərləri sərgidə yer alıb.
Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, digər çıxış edənlər duet sərgilərin əhəmiyyətindən danışaraq iki rəssam dünyasının bir arada təqdimatında müxtəlif yanaşma tərzlərinin nəzərə çarpdığını qeyd ediblər.
“İki dünya” duet sərgisi üç gün davam edib.