Bəşəriyyətin son yüzillikdə əldə etdiyi elmi nailiyyətlər və texniki tərəqqi insanların həyatını, məişətini əsaslı şəkildə dəyişdirdi. Bir zamanlar sırf hərbi məqsədlər üçün yaradılmış texnoloji yeniliklər qısa zaman kəsiyində mülki sahədə də tətbiq olunmağa başlandı. Yeni texnologiyalar və texnika birinci növbədə insanların əl əməyini yüngülləşdirir, mürəkkəb texnoloji prosesləri daha sadə və təhlükəsiz edirdi. Həyat elm və texnika qarşısında yeni-yeni suallar qoyur. Bu gün nəhəng korporasiyalar robotlara üstünlük verməklə, əmtəənin maya dəyərini aşağı salmaqla, öz mənfəətlərinin daha da artmasına can atırlar. Robotlar, artıq nəinki ağır sənayedə, hətta kənd təsərrüfatında, xidmət və iaşə sahələrində insanları əvəz edir.

Robotların müxtəlif sahələrdə tətbiqi, habelə, robot texnikasının inkişafı və statistikası ilə məşğul olan Beynəlxalq Robototexnika Federasiyası (İnternational Federation of Robotics) qeyri-hökumət təşkilatı 1987-ci ildə yaradılmışdır. Baş qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşən bu təşkilatın internet saytında robotların tətbiqi ilə əlaqədar statistik məlumatlar mütəmadi olaraq təzələnir. 2016-cı ildə sənaye robotlarının satışında 16% artım olmuşdur ki, bu da son 4 ildə ən yüksək göstəricidir. Dünya regionları üzrə robotların satışında Cənub-Şərqi Asiya ölkələri liderdir. 2016-cı ildə dünyada sənaye robotlarının təchizatı üzrə (87 min ədəd) Çin lider olmuşdur. Son illərdə bir çox transmilli şirkətlər pilotsuz avtomobillərin istehsalı ilə məşğul olurlar.

Beləliklə, robotların sürətli inkişafı sənayedə yüksək keyfiyyət və kəmiyyətə nail olmaqla yanaşı, bəşəriyyət üçün müxtəlif problemlər yaratmağa başlamışdır. İnsanlar işsiz qalır, əhalinin qida və dolanacaq problemləri artır. Gələcəkdə robotların sənayenin bütün sahələrində insanları sıxışdırıb kənarlaşdıracağı ilə bağlı alimlərin proqnozları artıq özünü doğrultmaqdadır.

“Alibaba Qroup” korporasiyası Direktorlar şurasının sədri Djek Ma bu il Davos Dünya İqtisadi Forumunda çıxış edərkən robot texnikasının bəşəriyyətə yaradacağı problemlərlə bağlı maraqlı fikirlər səsləndirmişdir. Robot sənayesinin sürətlə inkişaf etdiyi bir zamanda gələcək nəsillərə verə biləcəyimiz təhsillə bağlı suala cavab verərkən o, gələcək nəsillərə robotlarla mübarizə aparmağın çətin olacağını bildirmişdir: “Robotlar bütün sahələrdə insanları sıxışdırır. Övladlarımıza verə biləcəyimiz təhsil sadəcə biliklərlə məhdudlaşa bilməz. Biz övladlarımızın unikal bacarıqlara yiyələnməsinə nail olmalıyıq. Onlara daha çox musiqi, rəngkarlıq öyrətməliyik. Çünki incəsənət insana fərqli düşünməyi öyrədir”.

İnformasiya texnologiyalarının inkişafı, sənayedə tətbiqinin genişlənməsi, həmçinin incəsənətə də öz təsirini göstərir. İnformasiya texnologiyalarının təsiri və tətbiqi ilə ənənəvi növlərlə yanaşı, yeni sənət sahələri də yaranır və sürətlə inkişaf edir. Rəqəmsal rəngkarlıq, elektron musiqi, qrafik dizayn və bu kimi sənət sahələri bütövlüklə texnologiyalardan asılıdır. Müxtəlif kompüter texnikası və müvafiq proqram təminatı olmadan bu sənətlərin fəaliyyəti mümkünsüzdür.

Teatrda video mapping, kinoda isə motion capture kimi texnologiyalar incəsənətə yeni üfüqlər açır. Bütün bunlara baxmayaraq, incəsənət ümumilikdə yeni texnologiyalardan azaddır. Yeni texnologiyalardan istifadə etmədən də teatr tamaşası qurmaq, hər hansı pyesi yüksək bədii zövqlə tamaşaçıya çatdırmaq olar. Sadəcə bir karandaşın köməyi ilə ağ kağız üzərində heyrətamiz sənət əsərləri yaratmaq da mümkündür. Ağıl və hislərin köməyi ilə rəssam boş kətan üzərində müxtəlif rənglərdən istifadə etməklə rəngkarlıq nümunəsi yaradır.

Son zamanlar yüksək texnologiyaların inkişaf etdiyi ölkələrdə robot rəssamlar yaranmağa başlamışdır. Müxtəlif sistemlərlə təchiz olunmuş bu robotlar bir çox rəsm texnikalarında rəsmlər işləyirlər. Hətta rəssam robotların əsərlərindən ibarət sərgilər və müsabiqələr də geniş məşhurluq qazanıb. Lakin xüsusi proqramlaşdırma ilə çalışan robot rəssamlar proqramın imkanlarından kənara çıxa bilmir və yalnız proqramın imkanları daxilində hərəkət edir. Beləliklə, kiborq rəssamlar insanların intellektinə uduzur.

2017-ci ilin sentyabrında İtaliyanın Piza şəhərində I Beynəlxalq Robototexnika Festivalının bağlanış konsertində İsveçrənin ABB şirkətinin istehsalı olan “Yumi” adlı robot dirijor orkestri idarə etdi. Robota dirijorluq etməyi tanınmış dirijor Andrea Kolombini öyrətmişdi. Altı dəqiqəlik əsəri idarə etməyi öyrənmək üçün ona 17 saat lazım olmuşdu. Lakin buna baxmayaraq dirijor hesab edir ki, robot insanı əvəz edə bilməz, çünki improvizasiya etmək xüsusiyyəti yoxdur. Konsert zamanı tempin azacıq da olsa dəyişməyi robot üçün uğursuzluqla nəticələnə bilərdi.

İncəsənətin robotlar qarşısında ən böyük gücü də məhz bundan ibarətdir. Nəzərə almaq lazımdır ki, robotlar konkret əməliyyatları yerinə yetirmək üçün proqramlaşdırılır. Əlbəttə ki, robototexnika yüksək sürətlə inkişaf edir və istehsalçıların əsas məqsədlərindən biri robotların müstəqil düşünmə qabiliyyətinin inkişafına nail olmaqdır. İncəsənət ağıldan başqa, həm də hislərlə yarandığına görə robotlar bu sahədə insana uduzur. Beləliklə, alimlərin böyük əksəriyyətinin ortaq fikri bundan ibarətdir ki, incəsənət robotların işğal edə bilməyəcəyi yeganə sahədir.

Elşad ƏLİYEV
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı