Fransanın Strasburq Universitetinin professorları Pyer Kollet və Anne Janin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində olublar.
AMEA-dan bildirilib ki, fransalı alimlərin məqsədi arxeoloq Qardaşxan Aslanov tərəfindən 1983-cü ildə Xaraba Gilandan tapılmış Erkən orta əsrlərə aid arami yazılı vazanın üzərindəki yazıları oxumaq olub.
Strasburq Universitetinin professorlarına muzeyin tarixi, fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, burada Azərbaycan ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid nümayiş etdirilən maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.
Qeyd edək ki, fransalı qonaqlar Azərbaycan-Fransız Universitetində arxeoloji elmi tədqiqat işləri ilə məşğuldurlar.