Əfsanəvi partizan Mehdi Hüseynzadənin bədii irsi haqqında
Zamanında uzaq sahillərdə özünə şöhrət, xalqına başucalığı qazandıran igidliyindən “Uzaq sahillərdə” filminin kadrlarından xəbər tutan soydaşlarının dilinin əzbərinə çevrilməsi Mehdi Hüseynzadənin (1918-1944), yəqin ki, “alın yazısı” idi.
Arzularının qanadlanmasının intizarında ikən - 1942-ci ildə bir əlində fırça, bir əlində silah cəbhəyə yollananda onun cəmisi 24 yaşı vardı. Stalinqrad döyüşlərində yaralanıb əsir düşənə kimi nə orta ixtisas məktəbində incəliklərinə yiyələndiyi rəssamlıq peşəsinin, nə də ali məktəbdə dərindən öyrəndiyi alman dilinin haçansa karına gələcəyini ağlına belə gətirə bilməzdi. Amma iş elə gətirdi ki, bir varlıqda cəmləşən bu iki istedadın gücü onu dəfələrlə, hətta ölümün gözünə dik baxdığı anlarda belə ölümdən xilas etdi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2018-ci il tarixində əfsanəvi partizan – Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyinin qeyd olunması haqqında sərəncam imzalaması, qədirbilən xalqımızın onu dünyada şöhrətləndirən övladını unutmamasının göstəricisidir. Bu yazı da elə onun bəziləri filmdən bəlli olan çoxsaylı qəhrəmanlıqlarından yox, çoxlarının barəsində eşitdiyi, amma əyani olaraq görmədiyi rəssamlıq irsi barədədir...
Məşhur fırça ustası Əzim Əzimzadə ilə eyni kənddən olmaqla yanaşı, onunla həm də qohum olan Mehdi Hüseynzadənin 1932-ci ildə orta məktəbin yeddinci sinfini bitirəndən sonra Bakı Rəssamlıq Texnikumuna daxil olmağa qərar verməsi, yəqin ki, təbii idi. Məktəb illərində rəssamlığa böyük maraq göstərən Mehdi ilk sənət vərdişlərini müəllimlik edən yaxın qohumu Hüseynqulu Hüseynovdan (o, iyirminci illərdə rəssamlıq texnikumunda təhsil almışdı) öyrənmişdi. Başqa sözlə desək, təsviri sənət sahəsində kifayət qədər hazırlığı olan Mehdi üçün o vaxtlar həm də texnikumun direktoru vəzifəsində çalışan Əzim Əzimzadənin qarşısında imtahan vermək elə də çətin olmamışdı. Həmin il sonralar “Əzimzadə məktəbi” kimi şöhrət tapacaq bu təhsil ocağına Mehdinin digər dostları – Mürsəl Nəcəfov, Məmmədağa Tərlanov, Səlim Quliyev, Əsgər Abbasov da qəbul olundular. 1936-cı ilə kimi davam edən təhsil illərində həmin texnikumda yuxarıda adlarını çəkdiyimiz gənclərdən başqa sonralar sənət məkanında kifayət qədər tanınacaq Kazım Kazımzadə, Əli Zeynalov, Həbib Əzimzadə, Ənvər Almaszadə və başqaları da oxumuşdular...
Təhsil illəri çox tez gəlib keçdi. Hamı kimi o da təqdim etdiyi diplom işi ilə diqqəti cəlb etmək istəyirdi. Gənc Mehdinin dördillik təhsilin nəticəsi olaraq işlədiyi diplom işinin həmkarlarının müraciət etdikləri mövzudan xeyli fərqlənməsi də, görünür, onun davamlı səylərinin nəticəsi idi. Doğrudan da, gənc rəssam maraqlı bir mövzunu bədiiləşdirmişdi. “Kolxozçular neft mədənlərində” adlanan bu əsərdə rəssam bölgələrin tarlalarında çalışan əmək adamlarını onlar üçün az qala ekzotik görünən “qara qızıl” məkanında görüntüyə gətirmişdi. Əsərin mürəkkəb olmayan, ancaq cəlbedici bədii tutuma malik kompozisiyasını mədən mənzərəsi fonunda bir kişi və milli geyimləri ilə gözoxşayan kolxozçu qadınların neft ustasının söhbətinə qulaq kəsilmələrinin gerçəkçi-realist tutumda təsviri təşkil edirdi...
Təhsili başa vurandan sonra ruhunda gəzdirdiyi yaratmaq missiyasını daha da cilalanmış bədii-texniki vərdişlərlə ifadə etmək arzusu Mehdini uzaq Leninqrada (indiki Sankt-Peterburq) apardı. Amma onun 1937 və 1938-ci illərdə buradakı Rəssamlıq Akademiyasına qəbul olunmaq cəhdi baş tutmur. Qənaətimizcə, bu bir qədər subyektiv səbəblərdən - həmin təhsil ocağının qəbul tələblərinin o vaxtlar müttəfiq respublikalarda aparılan tədris proqramı ilə uyğunsuzluğundan doğan bir məsələ idi. Başqa sözlə desək, istedadın səviyyəsi yox, keçirilən tədris proqramının icrası önəmli hesab olunmuşdu... Amma nə qədər yazıçı təxəyyülünün məhsulu olsa da, cəmisi yeddi-səkkiz il sonra alman zabitinin onu məşhur impressionist Ögüst Renuara bənzətməsi baş verəcəkdi və Rusiya Akademiyasının professorlarını razı salmayan “tədrisin nəticəsi” ölüm ayağında onun həyatını xilas edəcəkdi...
Yaxşı rəsm çəkmək və şeir yazmaq, onu ilhamla səsləndirmək, xarici dillərə bələd olmaq bacarığını yaşına müvafiq tərzdə ifadə etməyə imkan tapan Mehdi Hüseynzadənin qəlbi arzularla dolu idi. Amma bu arzular gülləyə tuş gəldi və biz bu gün bütün baş verənləri zaman distansiyasından dəyərləndirməyə məcburuq...
Vətəndən uzaqlarda göstərdiyi əfsanəvi igidliklər barəsində müxtəlif millətlərdən olan silahdaşlarının, müharibəyə qədərki həyatı barədə qohumlarının və dostlarının xatirələri, saralmış fotoşəkillər və bir də iki muzeydə qorunan rəsm əsərləri bizə “Mehdi Hüseynzadə dünyası”nı duymağa və dəyərləndirməyə imkan verən qaynaqlardır...
Əslən Novxanıdan olan Mehdinin iki rəsminin Abşeron Tarix-Diyarşünaslıq Muzeyində qorunmasını, yəqin ki, təbii saymaq olar. Bu qrafik əsərlərdən biri “Hərbi düşərgədəki siyasi dərnəkdə məruzənin müzakirəsi” adlanır. Muzeydə hazırda nümayiş olunan qrafik lövhə eyniadlı əsərin yekun variantına sulu boya ilə işlənmiş eskizdir. Burada meşədə ağaclar arasında oturmuş bir dəstə əsgər təsvir olunub. Hamının diqqəti onların qarşısında ayaq üstə qəzet oxuyan komandirə yönəlmişdir. Kompozisiyanın soyuq bozumtul-yaşıl koloriti də mövzunun ciddiliyi ilə səsləşən bədii xüsusiyyət kimi qəbul olunur...
Sənətşünas M.Nəcəfov xatirələrində qeyd edir ki, bu əsəri Mehdi Sovet Ordusunun 20 illiyinə həsr etmişdi və həmin tablo Bakıdakı Siyasi Maarif evində açılmış bədii sərgidə nümayiş olunmuşdu. Əsərin üzərindəki tarix (20.II.1938) də bunu təsdiqləyir.
Abşeron muzeyindəki ikinci əsərdə rəssamın kiçik bacısı Hürriyyət təsvir edilib. Rəngli karandaş və pastellə çəkilmiş portretin bədii tutumu Mehdinin tələbəlik dövrü işlərindən olduğunu söyləməyə imkan verir.
Azərbaycan Milli Tarix Muzeyində isə Mehdi Hüseynzadənin daha çox – on beş rəsm əsəri qorunur. Müxtəlif janrlarda çəkilmiş bu nümunələrin əksəriyyəti tədris-eskiz xarakterlidir. Portret janrında çəkilmiş “İdmançı oğlan”, “Pambıqçı qız” və “Oğlan”, eləcə də natürmort janrında işlənmiş “Balqabaq”, “Çay süfrəsi”, “Dolça və qazan”, “Güldan” və “Üzümlü vaza” əsərlərində gənc rəssamın naturanı öyrənmək istəyi qabarıq hiss olunur. Sulu boya ilə çəkilmiş “Qasım İsmayılov küçəsi” və “Kənd evi” adlı mənzərələrində onun plenerdə işləmək bacarığının özünəməxsus xüsusiyyətləri duyulur.
Gənc rəssamın 1934-cü ildə - təhsil dövründə karandaşla çəkdiyi müxtəlif hərəkətli əl və ayaq təsvirləri isə onun insan anatomiyasına yiyələnməyə, müxtəlif əzaların təsviri yollarını öyrənməyə marağını əks etdirir. Elə onun ən məşhur rus rəssamı V.Polenovun çəkdiyi mənzərənin surətini çıxarması da, Mehdinin klassik nümunələrin timsalında bu janrın incəliklərinə yiyələnməsinin ciddi xarakter daşıdığını əks etdirir...
Sənətşünas M.Nəcəfovun xatirələrindən: “Məndə Mehdinin Leninqraddan qəzəl formasında yazıb göndərdiyi bir neçə məktubu qalmışdır. Belə məktublardan birinin sonunda o, zarafatla yazmışdı: “Mürsəl, bu bir parça kağızı saxla, bir zaman gələcək ki, işlədiyin muzey (mən o zaman İncəsənət muzeyində işləyirdim) bunu sənin nəvə-nəticəndən baha qiymətə alacaq. Çünki mən bu günün heçi, gələcəyin isə klassikiyəm. Mehdi”...
Qənaətimizcə, onun hələ indiki qədər tanınmadığı bir vaxtda zarafat və uzaqgörənliklə dediyi zaman yetişib. Şimaldan cənuba göndərilən həmin qəzəlli məktublar ortada olmasa da...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi