Virtual reallıq incəsənəti nədir?
Sentyabrın 20-də “YARAT” Müasir İncəsənət Mərkəzi “ARTIM” layihəsi çərçivəsində “Dolu boşluq. Virtual reallıq incəsənəti” adlı sərgini təqdim edəcək.
“ARTIM” layihə məkanında virtual reallıq sahəsində işləyən rəssamlar – Şahnaz Ağayeva, Sərxan Rəcəbov və Orxan Qarayevin yeni əsərləri nümayiş olunacaq.
Sərginin adı “ARTIM” məkanında toplanılan virtual layihələri xüsusi VR eynəklər vasitəsilə görmək ideyasından qaynaqlanır.
Şahnaz Ağayevanın məkana uyğunlaşan “Van Qoq. Arlda yataq otağı” layihəsi alternativ reallıq və məkan bağlılığı konseptini tədqiq edir. “Zamanın burulğanı” layihəsi rəssamın həyatın nağıla bənzər rəvayət formasında təqdimatıdır.
Orxan Qarayevin “Dünyaların toqquşması” əsəri tamaşaçını həndəsi və psixodelik burulan lentlərlə hipnoz edərək, kainatda insan məfhumunun cılız olduğu ideyasını təqdim etməyə çalışır. Rəssamın “Qaçılmazlıq” layihəsi isə həyatda hər şeyin mənasız olması fikrini vurğulayır.
Sərxan Rəcəbovun “Virtual muzey” layihəsi bir-biri ilə konsept cəhətdən əlaqəli olmayan virtual incəsənət obyektlərini təqdim edir. Bu obyektlərin çoxu antik və klassik prototiplərdən götürülüb və üzərində müxtəlif formasiyalar nümayiş etdirilir. “Qanadlı maral” və “3D Bakı” layihələri tanıdığımız obyektləri fərqli bucaqdan qavrama ideyasını açıqlayır.
Layihələrin həyata keçməsində rəssamlar “Oculus Rift”, “Tilt Brush”, “Masterpiece” və “Gravity Sketch” proqramlarından yararlanıblar.