Xalq rəssamı Arif Hüseynovun yubiley sərgisi
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində Xalq rəssamı, bu tədris ocağının professoru Arif Hüseynovun “75 və 75” adlı sərgisi təşkil edilib.
Sərginin oktyabrın 19-da keçirilən açılış mərasimində Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev tanınmış rəssamın yaradıcılığından bəhs edib. Bildirib ki, Azərbaycan təsviri sənətində özünəməxsus dəst-xətti ilə seçilən görkəmli qrafika ustası Arif Hüseynov daim axtarışda olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Diqqətə çatdırılıb ki, sərgidə rəssamın 75 illik yubileyi münasibətilə rəmzi olaraq 75 əsəri yer alıb.
ADRA-nın rektoru, Xalq rəssamı Ömər Eldarov “75 və 75” sərgisini Arif Hüseynovun yaradıcılığının bəhrəsi adlandırıb. Bildirib ki, maraq dairəsi çox geniş olan rəssam uğurla həm klassik, həm də çağdaş ədəbi nümunələrə illüstrasiyalar çəkir. Görkəmli sənətkarın klassiklərimizlə bağlı yaratdığı əsərlər dəzgah qrafikasının ən gözəl nümunəsi sayılır.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, rəssamın hər bir əsəri ilə tanış olmaq onun yaradıcılığında keçdiyi yola nəzər salmaqdır. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi A.Hüseynov kitab qrafikası sahəsində aparıcı mütəxəssislərdəndir. O, bu sənətdə öz sözünü demiş sənətkardır. Rəssamın sərgiləri hər zaman Azərbaycanda və müxtəlif ölkələrdə böyük maraqla qarşılanıb.
Vurğulanıb ki, sənətkarın yaradıcılıq fəaliyyəti, əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, o, fəxri adlara və mükafatlara layiq görülüb. Rəssamın dəzgah və kitab qrafikası sahələrində yaratdığı müxtəlif mövzulu əsərlər Bakı və Moskvanın nüfuzlu muzeylərində, yerli və xarici kolleksiyalarda saxlanılır.
V.Əliyev Mədəniyyət Nazirliyi adından yubilyarı təbrik edib, daim axtarışda olan rəssama cansağlığı və uğurlar arzulayıb.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov bildirib ki, öz zəhməti və sənəti ilə insanların hörmətini qazanan Arif Hüseynov əsl rəssam həyatı yaşayıb. Arif müəllim uşaq və gənclərlə həvəslə işləyərək onlarda bu sənətə məhəbbət hislərini aşılayır. Əsərlərində milli-mənəvi dəyərlərimizi peşəkarlıqla göstərən sənətkarın folklor nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni yaradıcı baxış hesab etmək olar.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında Arif Hüseynovu böyük rəssam və müəllim kimi xarakterizə edib, onun Azərbaycan incəsənətində özünəməxsus yerindən söz açıb. Qeyd edilib ki, rəssamın yaratdığı illüstrasiyalar müxtəlif kitablara, nağıllara, dəyərli klassiklərin əsərlərinə yeni nəfəs verib.
Digər çıxış edənlər rəssamın yaradıcılığından, ömür yolundan söz açıblar. Bildirilib ki, Arif Hüseynovun maraq dairəsi çox genişdir. O, ədəbi qəhrəmanları asanlıqla təxəyyülündə canlandıra, ifadəli cizgilərlə onlara obrazlı görkəm verə bilir. Onun M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi əsərlər silsiləsi yaradıcılığının ən yüksək pilləsi hesab olunur. “Qarabağ şikəstəsi”, “Aşıq”, “Kəndirbazlar” və digər əsərlərində rəssamın qədim miniatür sənəti ənənələrinə bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı qabarıq hiss edilir. Azərbaycan nağıllarını, dastanlarını illüstrasiya formasında ərsəyə gətirən Arif Hüseynov bununla bir ilkə imza atıb.
Sonda çıxış edən Arif Hüseynov sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Çıxışlardan sonra tədbir iştirakçıları sərgiyə baxıblar.
Qeyd edək ki, mədəniyyət naziri Əbülfəs Qarayev də yubilyar rəssamın sərgisi ilə tanış olub, sənətkara xoş arzularını çatdırıb.
Oktyabrın 30-dək davam edəcək sərgi Təhsil və Mədəniyyət nazirlikləri, eləcə də ADRA və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə reallaşıb.