Müsabiqənin qalibləri mükafatlandırılıb
Uşaq və gənclər arasında “Müasir Azərbaycan” adlı rəsm müsabiqəsinə yekun vurulub. Dekabrın 4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Fond Birjası, “YARAT” Müasir İncəsənət Məkanı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və “İnvest-Az” şirkətinin birgə dəstəyi və təşkilatçılığı ilə reallaşan müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək layihə barədə məlumat verib. Bildirib ki, sentyabrda elan olunan müsabiqə gənclərin kreativ düşüncələrini reallaşdırmaq baxımından bir fürsətdir. Qeyd edib ki, Prezident İlham Əliyev istedadlı gənclərin inkişafına xüsusi önəm verir, bu kimi tədbirlər də dövlətimizin gənclər siyasətinə vacib töhfədir: “Artıq üçüncü ildir ki, layihənin həyata keçirilməsinə dəstək veririk. Layihədə xüsusi qayğıya ehtiyacı olan uşaqların əsərlərinin də yer alması təqdirəlayiqdir”. Diqqətə çatdırılıb ki, müsabiqəyə Bakı da daxil olmaqla 11 şəhər və rayondan 130-a yaxın iş təqdim olunub.
Bakı Fond Birjasının direktoru Vüqar Namazov xatırladıb ki, layihə ilk dəfə 2016-cı ildə reallaşanda cəmi on rəsm əsəri təqdim edilmişdi: “Sərginin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, onların gələcək fəaliyyətlərinin motivasiyası, eləcə də ölkəmizdə gənc istedadların üzə çıxarılmasından ibarətdir. Bu sahədə fəaliyyəti genişləndirmək niyyətindəyik. Sevindirici haldır ki, bu il müsabiqədə iştirak edən ən kiçik iştirakçının 4, ən böyüyünün isə 22 yaşı var. Müsabiqədə 30 xüsusi qayğıya ehtiyacı olan iştirakçının əsərləri yer alıb”.
Layihəni dəstəkləməkdən məmnunluğunu ifadə edən “YARAT” Müasir İncəsənət Məkanının bədii rəhbəri Suad Qarayeva-Maleki qeyd edib ki, məqsəd istedadlı gənclərin və yeniyetmələrin aşkarlanması, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasıdır. “YARAT” hər zaman yaradıcı gənclərə dəstək verir.
Məlumat verilib ki, müsabiqəyə təqdim olunan əl işlərini Xalq rəssamı Arif Hüseynovun da daxil olduğu rəssam və sənətşünaslardan ibarət münsiflər heyəti qiymətləndirib.
Birinci, ikinci və üçüncü yerin sahiblərinə sertifikat və pul mükafatları təqdim edilib. Müxtəlif nominasiyalar üzrə fərqlənənlər də mükafatlandırılıb.