Bulvarın yaraşığı - “Mirvari” kafesi

“Mirvari” kafesi – Dənizkənarı parkda yerləşən kafe-restoran uzun illərdir Bakı sakinlərinin və qonaqların sevimli istirahət məkanlarından biridir.

Kafenin layihə ideyasını 1960-cı illərdə Bakıya rəhbərlik etmiş Əliş Ləmbəranski verir. O, səfərdə olduğu zaman ispan memar Feliks Kandelanın “Manantiales Meksika” restoranının dizaynından ilhamlanaraq belə bir layihəni reallaşdırmaq qərarına gəlmişdi.

Bakı bulvarında “Mirvari” kafesinin arxitekturası həmin dövr üçün modernizm üslubu sayılırdı. Eyni zamanda bulvar ərazisində tikintilər aparılan zaman onun gözəlliyinə xələl yetirməməyə çalışırdılar. Bu səbəbdən də “Mirvari” kafesi Bakıda o vaxta qədər olmayan, qeyri-adi bir məkan idi və bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunur.

Vadim Şulqin Kandeladan fərqli olaraq “Mirvari”nin qanadlarını səkkiz deyil, altıguşəli edir. Memar əsasən quruluşun orijinallığına fikir verir, ideyanı, sadəcə olaraq, yenidən işləmir, ona zəriflik və üslub əlavə edir. Şulqin sonradan Bakının gözəl və bu günə kimi öz möhtəşəmliyini qoruyan Heydər Əliyev Sarayı və digər memarlıq nümunələrinin müəllifi kimi tarixdə qalır.

Kafenin quruluşu əsasən beton təbəqəsinin nazik olması ilə diqqəti cəlb edir. Onun özünəməxsusluğu isə maraqlı həll edilən örtükdədir. Belə ki, örtük ağac taxtabənd üzərində betondan tökülüb.

“Mirvari” kafesi tikildikdən sonra bulvarın simvoluna çevrilməklə yanaşı, həm də Bakını dünyaya tanıdan məkanlardan biri olur. Dünyanın bir neçə ölkəsində bu forma və üslubda tikili var: Meksika (Los-Monantiales), İspaniya (Valensiyada sərgi salonu), Rusiya (Soçi). 2008-ci ildə restavrasiya edilən “Mirvari” kafesi  60 ilə yaxındır ki, öz üslubunun incəliyi ilə Dənizkənarı bulvarın rəmzidir.

LALƏ