Xalq rəssamı Arif Əzizin yubiley sərgisinə yüzə yaxın tələbəsi də qoşulub
Yanvarın 15-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzində Xalq rəssamı, “Şöhrət” ordenli Arif Əzizin və tələbələrinin “Maestro & Artists” adlı sərgisinin açılış mərasimi keçirildi. Mərasimdə rəsmilər, çoxsaylı mədəniyyət, incəsənət xadimləri, sənətsevərlər iştirak edirdi.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova Arif Əzizin pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, Arif Əziz 1971-ci ildən bu günədək Mədəniyyət və İncəsənət Universitetində çalışır. Onun 48 il ərzində yüzlərlə rəssam, dizayner, qrafik, xalçaçının yetişməsində böyük əməyi var. Bu sərgidə də öz tələbələrini ətrafına toplayıb. Vurğulandı ki, rəssamın fərdi üslubu, daim yaradıcılıq transformasiyalarına və bədii eksperimentlərə meyilliliyi, zamanın və məkanın təsirindən səmərəli istifadəsi, ən əsası, sonsuz dinamikası, çevikliyi və müasirliyi mütləq tərzdə onun sənətinin aktuallığını müəyyən edir.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xalq rəssamının həyat və fəaliyyətindən danışdı, müasir Azərbaycan incəsənətində Arif Əzizin xüsusi yerə malik olduğunu dedi: “Ötən əsrin 70-ci illərindən başlayaraq Arif Əziz dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, Azərbaycan incəsənətinin müasir vəziyyətinin formalaşmasına böyük təsir göstərib. İlk bədii təhsilini Bakıda, Əzim Əzimzadə adına Rəssamlıq məktəbində alıb, daha sonra isə Moskvada S.Q.Stroqanov adına Ali Bədii-Sənaye Məktəbində qrafik dizayn ixtisası üzrə davam etdirib. Arif Əziz öz yaradıcılığı, pedaqoji fəaliyyəti ilə incəsənətimizə bir sıra töhfələr verib. Onun dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyə, Almaniya, Rusiya və İranda sərgiləri təşkil olunub”.
Vaqif Əliyev Arif Əzizi 75 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzu etdi.
Millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov sənətkarı təbrik edərək onun Azərbaycan rəssamlığına verdiyi töhfələri yüksək dəyərləndirdi. Qeyd etdi ki, Arif Əziz öz həyatını müqəddəs sənətə həsr edib, pedaqoji fəaliyyəti ilə yüzlərlə tələbə yetişdirib.
Xalq rəssamı Səlhab Məmmədov, “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov çıxış edərək Arif Əzizin yaradıcılıq yoluna nəzər saldılar. Rəssama “Dədə Qorqud” Fondunun xatirə medalı təqdim edildi.
Qeyd olundu ki, rəssamın 75 illik yubileyi çərçivəsində təşkil edilən silsilə sərgilər sırasında hazırkı ekspozisiyanı üslub və janr əlvanlığından asılı olmayaraq, xarakterizə edən əsas, prinsipial amil onun bu günədək tələbələrinə öyrətdiyi səmimiyyətdir. Müasir incəsənətimizin yeni formatlı sərgisində rəssam-maestro öz tələbələrinin əhatəsində təqdim olunur.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən Arif Əziz əməyinə verilən yüksək qiymətə görə ölkə başçısına minnətdarlığını bildirdi, Azərbaycan incəsənətinin inkişafı naminə bundan sonra da əzmlə çalışacağını dedi.
Çıxışlardan sonra mərasim iştirakçıları qrup sərgisindəki əsərlərlə yaxından tanış oldular.
Qeyd edək ki, “Maestro & Artists” sərgisində Arif Əzizin və onun təxminən yarım əsr ərzində yetişdirdiyi rəssamların – 100-ə yaxın tələbəsinin əsərləri nümayiş olunur. Sərgi yanvarın 18-dək davam edəcək.
F.HÜSEYNOV