Uffitsi Qalereyasının kolleksiyasından italyan rəssamı Artemiziya Centileskinin (1593-1653) fırçasına məxsus “İsgəndəriyyəli müqəddəs Yekaterina” əsərinin altında onun avtoportreti aşkar edilib. Əsəri ultrabənövşəyi və infraqırmızı şüaların köməyi ilə ətraflı öyrənən italyan bərpaçıları bu qənaətə gəliblər.

Sənətşünasların rəyinə görə, təqribən 1619-cu ildə Florensiyada çəkilmiş əsərin tamamlanmış variantında Müqəddəs Yekaterina obrazında Ferdinando Mediçinin qızı və II Kozima Mediçinin bacısı Katerina təsvir olunub. Ərə gedəndən sonra Florensiyaya köçən A.Centileskini Toskanın qüdrətli hökmdarları himayə edirdilər. Əsərin ilkin variantında rəssam özünü başında türban təsvir edib. Əsərin son variantında isə türban yoxdur və onu Müqəddəs Yekaterinanın nəcib mənşəyini göstərən tac əvəzləyib. Ehtimal ki, əsər avtoportret kimi başlanıb və müəyyən səbəblərə görə başqa cür tamamlanıb. O dövrdə rəssamlar material və kətana qənaət etmək üçün tez-tez bu üsuldan istifadə edirdilər.

Əsərlərinin çoxunu məşhur rəssam Mikelancelo Karavacconun (1571-1610) sərt kontrastlı işıq-kölgə üslubunda yaratmış Artemiziya Centileski XVII əsrin adlı-sanlı rəssamlarındandır. O, rəssamlıq sənətinin sirlərini atası Oratsio Centileskidən öyrənib.

Uffitsi Qalereyasının direktoru Eyke Şmidt bildirib ki, “İsgəndəriyyəli müqəddəs Yekaterina” bərpa olunandan sonra Karavacconun “Meduza” əsərinin olduğu zalda nümayiş etdiriləcək.

Uffitsi Qalereyasında A.Centileskinin beş əsəri saxlanılır.

SƏBİNƏ