Türkiyənin Əskişəhər şəhərində “TRT Avaz” telekanalının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə keçirilən yubiley mərasimində Azərbaycan musiqiçilərinin möhtəşəm ifası hərarətli alqışlarla qarşılanıb.
Xalq artisti Aygün Səmədzadənin bəstələdiyi əsərlər mərasimdə özünəməxsus canlanma yaradıb. Xalq artisti, xanəndə Teyyub Aslanovun ifasında bəstəkarın böyük Azərbaycan şairi Əhməd Cavadın sözlərinə yazdığı “Sən ağlama, gözəlim”, “Bismillah” və “Ey türk” əsərləri səslənib. Xalq artisti Elnarə Kərimovanın dirijorluğu əsasında TRT Ankara radiosunun xoru və Əskişəhər orkestrinin iştirakı ilə keçirilən proqramda xanəndəni əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), eləcə də Əvəz Muradov (piano) və Xəyyam Həsənli (ud) müşayiət ediblər.
“TRT Avaz”ın 10 illiyi münasibətilə keçirilən mərasimdə Azərbaycanın “Cəngi” estrada folklor və “Dan ulduzu” rəqs ansamblları da iştirak edib. Hər iki ansambl Ankarada Etiməsqut bələdiyyəsi və TÜRKSOY-un birgə təşkil etdiyi Novruz şənliklərinə də qatılıb.
Sənətçilərimiz Ankarada TÜRKSOY-un qərargahında olublar. Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı ölkəmizi Türkiyədə keçirilən mərasimlərdə yüksək peşəkarlıqla təmsil edən hər iki qrupa təşkilatın rəhbərliyi adından təşəkkürünü çatdırıb, xoş sözlərini bildirib.