Azərbaycan

16 aprel 1916 – Bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (1916 - 1.8.1961) anadan olub. Məşhur “Cücələrim” mahnısının (sözləri - Tofiq Mütəllibov), “Ay işığında”, “Gecələr uzanaydı”, “Düşür yadıma” və s. populyar mahnıların müəllifidir.

16 aprel 1934 – Bəstəkar, Xalq artisti Ramiz Aqil oğlu Mirişli (1934 – 17.4.2015) Naxçıvanda doğulub. Musiqili komediyalar (“Qaçırılmış qız”, “Gəl, qohum olaq”, “Amerikalı kürəkən” və s.), simfonik əsərlər, mahnılar (“Oxu, tar”, “Dalğalar”, “Bayram axşamları” və s.), filmlərə musiqi (“Alma almaya bənzər”, “Qəzəlxan” və s.) yazıb.

 

17 aprel 1884 – Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (1884 - 30.9.1950) anadan olub.

17 aprel 1899 – Türkoloq, şərqşünas Əhməd Cəfəroğlu (Əhməd İsmayıl oğlu Cəfərzadə; 1899-1976) Gəncədə anadan olub. Azərbaycanın sovetləşməsindən sonra Türkiyəyə gedib. İstanbul Universitetində çalışıb, “Azərbaycan yurd bilgisi” dərgisini nəşr etdirib.

17 aprel 1928 – Vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (1928 - 22.1.2008) Sabirabad rayonunda doğulub. Opera və Balet Teatrında baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.

 

18 aprel 1873 – Görkəmli xanəndə, muğam ustası Məcid Behbudalı oğlu Behbudov (1873 - 6.9.1945) Şuşada anadan olub. Tiflisə köçüb, musiqi məclislərində iştirak edib. Bakıda, Gəncədə opera tamaşalarında çıxış edib. Böyük müğənni Rəşid Behbudovun atasıdır.

18 aprel 1897 – Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (1897 - 8.6.1981) Tiflisdə doğulub. Milan Konservatoriyasında təhsil alıb. 1923-cü ildə Bakı Ali Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub. Konservatoriyada dərs deyib.

 

Dünya

 

16 aprel 1844 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France - François-Anatole Thibault; 1844-1924) anadan olub.

16 aprel 1889 – İngilis aktyoru, rejissor Çarli Çaplin (Charles Spencer Chaplin; 1889-1977) anadan olub.

16 aprel 1924 – Amerika bəstəkarı və dirijoru Henri Mançini (Enrico Nicola Mancini; 1924-1994) anadan olub. 4 dəfə “Oskar” mükafatına layiq görülüb.

 

17 aprel 1894 – Rus aktyoru, SSRİ Xalq artisti Boris Vasilyeviç Şukin (1894-1939) anadan olub. Moskva Teatr Məktəbi aktyorun adını daşıyır.

17 aprel 1897 – Norveç bəstəkarı Harald Severud (1897-1992) anadan olub. Əsərləri: “Ehtiraslı rondo”, “Etiraz balladası” və s.

 

18 aprel 1819 – Avstriya bəstəkarı və dirijoru Frans fon Zuppe (Franz von Suppe - əsl adı Francesco Suppe Demelli; 1819-1895) anadan olub. “Gözəl Qalateya”, “Bokaçço” operalarının müəllifidir.

Hazırladı:  Vüqar ORXAN