Lefkoşada Alparslan Türkeşin ev-muzeyi açılıb

Türkiyənin tanınmış siyasi xadimi, Milliyyətçi Hərəkat Partiyasının qurucusu Alparslan Türkeşin doğulduğu və 16 yaşına qədər yaşadığı Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşadakı evi muzeyə çevrilib. Evdə TİKA (Türk İşbirliyi və İnkişaf Agentliyi) tərəfindən təmir-bərpa işləri aparılıb.

Bu günlərdə Türkiyənin vitse-prezidenti Fuad Oktayın iştirakı ilə muzeyin açılış mərasimi keçirilib. Tədbirdə həmçinin Alparslan Türkeşin oğlu, millət vəkili Tuğrul Türkeş də iştirak edib.

Türkiyə və Şimali Kiprin əbədi olaraq bir və bərabər olacağını vurğulayan F.Oktay deyib: “Açılışını keçirdiyimiz bu muzey də birlik və bərabərliyin önəmli simvollarından biridir. Mərhum Türkeş sadəcə Türkiyə, Şimali Kipr üçün deyil, türk dünyası üçün son dərəcə dəyərli bir siyasət adamıydı. Bu muzey də onun xidmətini, ideallarını və bizim dəyərimiz olduğunu göstərməsi adına çox önəmlidir. Bu, gələcək nəsillərin simvolu olacaq bir muzeydir”.

Şimali Kipr Türk Respublikasının Baş naziri Ersin Tatar isə Lefkoşada belə bir muzeyin açılmasının əlamətdar hadisə olduğunu vurğulayaraq deyib: “Artıq Şimali Kipr Türk Respublikası “yavru vətən” deyil. Böyümüş, öz sərhədi olan vətəndir”. 

Mərasimdə çıxış edən Tuğrul Türkeş atasının 102 il əvvəl dünyaya gəldiyi evin muzeyə çevrilməsinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ailəsi adından minnətdarlığını bildirib, muzeyin ərsəyə gəlməsində zəhməti olan bütün qurumlara təşəkkür edib.

Sonra iştirakçılar muzeylə tanış olublar.

Qeyd edək ki, Alparslan Türkeş 1917-ci ildə Lefkoşadakı Haydarpaşa məhəlləsində dünyaya gəlib. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçüb.

Mehparə SULTANOVA
Ankara